Mingəçevir "ASAN Peşə" Təhsil Mərkəzində seminar keçirilib


Bu gün  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 ili çərçivəsində Mingəçevir "ASAN Peşə" Təhsil Mərkəzində media nümayəndələri üçün "Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər" mövzusunda seminar keçirildi. Yeniavaz.com xəbər verir ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili "Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər" mövzusunda təqdimatla çıxış edərək peşə təhsili sahəsinə göstərilən dövlət qayğısı, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Amil Əlili "ASAN Peşə" Təhsil Mərkəzinin istifadəyə verilməsinin bu qayğının bariz nümunəsi olduğunu, peşə təhsilinin əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına təkan verdiyini vurğulayıb.

Amil Əlili qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində,  o cümlədən peşə təhsilində müsbət dinamika müşahidə olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası, "Peşə təhsili haqqında" qanunun qəbulu bu sahənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.
Hazırda peşə təhsili sahəsində islahatların aparıldığını deyən Amil Əlili vurğulayıb ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustasının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.2018-ci ilin sonunadək bütün dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi başa çatdırılacaq.
Direktor əvəzi qeyd edib ki, 2016-2017-citədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu "ASAN Peşə" layihəsi çərçivəsində həyata keçirilir. Cari dərs ilində "ASAN Peşə" layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda (Gəncə, Sumqayıt, Bərdə, Qəbələ, Sabirabad, Masallı) yerləşən "ASAN xidmət" mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal" mərkəzləri də prosesə cəlb olunub.

Daha sonra media nümayəndələri mərkəzin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olublar.  Bildirilib ki, cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən ibarətdir və müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və komputer operatoru) üzrə 100 tələbə təhsil alır.
Media təmsilçiləri tikiş avadanlıqları operatoru, tikişçi ixtisası üzrə qrupda tədris prosesini izləyiblər.
Daha sonra qonaqlar "Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru" ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə yaxından tanış olmaq üçün Akkord-Mingəçevir Maşınqayırma Zavoduna səfər ediblər. İstehsalat təcrübəsi zamanı tələbələr iş prosesini yaxından izləmək, istismarda olan hər bir qurğunu, avadanlığı, texnoloji prosesləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə birgə işləmək imkanı qazanıblar.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top