Mərkəzi Poçtda nə baş verir: insanları niyə bu qədər gözlədirlər? - FOTOLAR


Elə qurumlar, elə təşkilatlar var ki, onların xidmətindən nadir hallarda istifadə edirik deyə buradakı problemlərdən çoxumuzun xəbəri olmur. Elə bu sətirlərin müəllifi də Azərbaycandan Rusiyada yaşayan qohumlarına bağlama göndərməyənədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1 saylı poçt filialının "Şəbəkə" xidmət mərkəzində saatlarla növbə gözləyə biləcəyindən xəbərsiz idi...
Məlumat üçün bildirim ki, Rusiyanın Xabarovsk şəhərində yaşayan tanışıma buradan aldığım saatları (2 ədəd) digər poçt filiallarından da göndərmək istəmişdim, amma bildirilmişdi ki, batareya ilə işlədiyi üçün bu saatları yalnız 1 saylı poçt filialından göndərmək olar.
Oktyabrın 20-də, yəni şənbə günü təqribən saat 15 radələrində poçta yollandım. Açığı, düşünürdüm ki, bağlama göndərmək üçün yarım saat, 1 saat bəs edər.

Növbədə 800-cü idik. Bizdən əvvəl növbədə 22 nəfər var idi. Növbədə duranların dilxorçuluğundan, əsəbiliyindən belə aydın oldu ki, saatlardır növbə gözləyənlər var. Qısa olaraq bildirim ki, saat 19:00-a az qalmışdı, ancaq növbəm hələ çatmamışdı. Bəxtim onda gətirdi ki, növbədə gözləməkdən bezən, yorulanlardan bir neçə nəfər çıxıb getmişdi, ona görə bağlamamı göndərə bildim.
Bağlama bölməsindəki xanım işçi həm bağlamaları qəbul edir, həm sənədləşməyə kömək edir, həm kompüterdə yazır, həm də bağlamaları paketləyirdi. Şöbənin adını bilmədiyim xanım işçisi sözün həqiqi mənasında üzərinə düşəni edir, vətəndaşları mümkün qədər tez yola salmağa, işini çatdırmağa çalışırdı, amma iş özü uzun, üstəlik, növbədə gözləyənlərin sayı çox olduğundan ləng gedirdi...
Bağlama bölməsində işçilərin sayını artırmaq olarmı, olmazmı bilmirəm, amma şənbə günü gördüklərimə əsasən deyə bilərəm ki, buna ehtiyac var.
Baş verənlərdən narahatlığımı bildirmək üçün nəzarətçiyə yaxınlaşıb şikayətimi bildirmək istədiyimi dedim. O, mənə bir kitabça verib "bura yaza bilərsiniz" dedi. Bu qeydlərimi ora da yazdım...
1 saylı poçt filialının "Şəbəkə" xidmət mərkəzində üzləşdiyim digər təəccüblü məqam isə odur ki, o boyda müasir şəraitli binada vətəndaşların ayaqyolundan istifadəsinə icazə vermirlər. Bir neçə saat növbə gözləyə biləcəyimi ağlıma da gətirmədiyimdən uşaqlarımı da özümlə aparmışdım. Bir neçə saat sonra uşaqlardan birini ayaqyoluna aparmaq istədiyimi deyəndə mühafizəçi mənə burada ayaqyolu olmadığını bildirdi.

Bilmədim, binada ayaqyolu var vətəndaşları buraxmırlar, yoxsa həqiqətən ayaqyolu yoxdur? Axı vətəndaş 2-3 saat növbə gözləyirsə, ayaqyoluna niyə başqa yerə getməlidir?
Kimlərsə düşünə bilər ki, bağlamanı göndərmisən də, onda bunları niyə yazırsan? Amma mən bir vətəndaş, bir jurnalist kimi bu qeydləri yazmağı özümə borc bilirəm, qoy heç olmasa digər insanların bu əzab-əziyyətlə üzləşməsinin qarşısı alınsın.
Onu da deyim ki, biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1 saylı poçt filialının "Şəbəkə" xidmət mərkəzinin binasından çıxanda artıq hava qaralmışdı, bu isə o deməkdir ki, çəkisi maksimum 1 kiloqram olan bağlamanı Rusiyaya yola salmaq üçün günümüzün yarısı getmişdi...

Məsələ ilə bağlı "Azrəpoçt" MMC-nin mətbuat xidmətindən münasibət öyrəndik. Qurumun mətbuat katibi Günel Gözəlova Yeniavaz.com saytına açıqlamasında dedi: ""Azərpoçt"un xidmətləri ilə bağlı şikayətini bildirən bütün müştərilərin şikayəti mütləq mənada araşdırılır. Şifahi bildiribsə, şifahi şəkildə, yazılı bildiribsə, yazılı şəkildə müştəri cavablandırılır. Sizin də şikayətiniz eynilə bildirdiyiniz nüanslar üzrə araşdırılacaq və cavab veriləcək".
 
Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top