"Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"


"Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk".
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib: "Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq.

Bir sözlə, bu gün “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək".

DİGƏR XƏBƏRLƏR

Top