"10 metr torpaq alınmayıb, sinənizi doldurmusunuz medallarla" - Polkovnikdən sərt ittiham


"Son günlər görürəm sosial media üzərindən yenə bir tozanaq qalxıb. Söhbət bəzi QHT-lərin özlərindən müəyyən məqsədlər üçün uydurub təsis etdikləri medal və diplomlardan gedir. Və bu müzakirələr zamanı gözümə özlərinə və şəxsiyyətlərinə hörmət bəslədiyim bəzi həqiqi müharibə iştirakçılarının da gah açıq, gah da üstüörtülü eyhamlarına rast gəlirəm".
Yeniavaz.com xəbər verir ki, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov sosial şəbəkədəki səhifəsində bildirib.
"Bir çox yaramazlar o özlərindən "kəşf etdikləri" medalları heç bir haqqı olmayan gədə-güdələrin sinəsinə taxır, əsl döyüş görmüş insanlar isə buna görə sadəcə utanıb xəcalət çəkirlər. Və bir çox hallarda o medllar satılır. Bir az baş qarışıb, inşallah, medal alanların siyahısını biz tələb edəcəyik və o siyahı dərc olunanda "konsert-komediya" başlıyacaq ki, fərarilərin bəzilərinə medal veriblər. Qoy bu zəhrimar müharibə tam başa çatsın, sonra Şimali Koreyada olduğu kimi bəzəyin kimin ürəyi nə qədər istəyir bu medallarla ayaqdan-başa pullu qaqaşları. Ay kişilər, hərə sinəsinə bir "taxta (oxu: saxta) medal taxıb düşüb o qapı mənim, bu qapı mənim. Nə olub? Hələ 10 metr torpaq alınmayıb, siz sinənizi doldurmusunuz müxtəlif medallarla. İnanın Allaha ki, mən həyatımda heç vaxt xoşlamamışam nə orden, nə də medalı. Baxmayaraq ki, 25 ilə yaxın zabit kimi hərbi xidmət müddətində xeyli yubiley medalı və qiymətli hədiyyələrim olub və var. Yetər artıq bu rüsvayçılıq və rəzalət. Guya biz medal istəyirik bizə vermirlər, ona görə biz hay-küy salmışıq. Ay külüm olsun belə dar və alverçi təfəkküründə olan başınıza. Yekə kişilərsiniz, əyninizə vrode şalvar geyinmisiniz, amma hər yoldan keçənə medal satırsınız. Axı özünüz də gözəl bilirsiniz ki, o payladığınız medalları siz 99 faiz təmənna ilə sağa-sola paylayıb sonra isə gedib o 5-10 manat haram pullarla restoran və kafelərdə badə qaldırıb qeyrətdən-namusdan danışırsınız. Ay sizi dil pəhləvanları. Sizə nə oldu belə?! Erməni kimi yaramazın qarşısında mərd kimi dayanan oğlan və qızlarımızı təhqir etməyə heç kimə ixtiyar verilməyib. Əsl müharibə adamı orden-medal bərəsində deyil, əsirlikdə qalan qeyrət-namus haqqında düşünməlidir. Təəssüflər olsun ki, bizim bəzi "veteran təşkilatları" səhərdən axşama kimi ancaq düşünürlər ki, hardan və kimdən nə qoparsınlar, qazansınlar. Əgər düz demirəmsə, mənə min lənət olsun. 20 ildən artıqdır ki, Qarabağla bağlı, həmçinin veteran və qazilərlə bağlı vəziyyətimiz xam dayça kimi irəli getməkdənsə, təəssüflər olsun... Allah yolunu azmış adamlara ağıl və bir balaca da qeyrət-namus versin",-deyə Üzeyir Cəfərov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top