"Evi ola-ola ev tələb edən məcburi köçkünlər də var" - RƏSMİ


Şəraiti çox bərbad və acınacaqlı olan yataqxanada yaşayan yüzlərlə, minlərlə məcburi köçkün ailəsi var ki, köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Paytaxtın Koroğlu Rəhimov küçəsi 53 A ünvanında yerləşən uçuq-sökük yataqxanada yaşayan 21 məcburi köçkün ailəsi kimi.

Qeyd edək ki, həmin yataqxana köhnə "Elektroştamp" zavodunun balansında olub. Sözügedən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün Bəsirə Qəmbərova burada vəziyyətin acınacaqlı olduğunu deyir: "Ayaqyolusu bərbad, hamamı biabırçı, mətbəxi dəhşətli olan bir yataqxanada yaşayırıq. 20 ilə yaxındır deyirlər "sizi başqa yerə köçürəcəyik, ev verəcəyik", amma bir səs-soraq yoxdur. Oğul-uşağımız bu acınacaqlı şəraitdə böyüdülər, ailə-uşaq sahibi oldular, darısqal şəraitimiz lap darısqal oldu, amma yaşayış şəraitimiz dəyişmədi. İndi də nəvələrimiz soruşur ki, buradan nə vaxt köçəcəyik? Ümidimizi itirməmişik, gözləyirik, görək axırı necə olur. Çox arzu edərdik ki, bu məsələ yaxın illərdə həllini tapsın".
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Yeniavaz.com saytına açıqlamasında hazırda komitədə köçürülmə ilə bağlı komissiya yaradıldığını bildirib: "Komissiyanın tərkibində işçi qrup fəaliyyət göstərir. Köçürülmə obyektində olan məcburi köçkün ailələri araşdırılır, qanunamüvafiq formada, qanun çərçivəsində şəxsə, ailəyə mənzil düşürsə, ona verilir".
İ. Mirzəyevin sözlərinə görə, evlə bağlı müraciət edən, yataqxanada yaşayan bəzi məcburi köçkünlərin işini araşdıranda neqativ hallar ortaya çıxır: "Bəzən məcburi köçkünün başqa yerdə evi olur. Bundan əlavə, eləsi olur ki, araşdırma zamanı kommunal ödənişi etdiyi başqa ünvan çıxır. Bunlar hamısı araşdırılır. İşçi qrupu qanunamüvafiq formada araşdırma aparır, əgər müraciət edən məcburi köçkünün digər yerdə həqiqətən də kommunalı çıxmırsa, evi yoxdursa, başqa hər hansı neqativ hal yoxdursa, evlə təmin edilir".
"Qaçqınkom" rəsmisi başqa problemlərdən də danışıb: "Elə məcburi köçkün var rayonda yaşayır, Bakıda iş tapmaq daha rahatdır deyə, paytaxta gəlir, istəyir ki, oradakı qeydiyyatını keçirsin bura. Bakıda məcburi köçkünlər yaşayan yerdən - yataqxanadan ev alır, istəyir ki, ora qeydiyyata düşsün. Ancaq bütün bunlar hamısı komitə tərəfindən araşdırılır".
Həmsöhətimiz məcburi köçkünlər üçün yeni tikilən binalardan da danışıb: "Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülür".

DİGƏR XƏBƏRLƏR

Top