"Bransonun azad edilməsi Türkiyənin hüquq dövləti olduğunu göstərir"

 
Amerikalı rahib Endryu Bransonun azad edilməsi haqqında məhkəmə qərarı Türkiyənin hüquq dövləti olduğunu göstərir. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Fəxrəddin Altun deyib.
 
Onun sözlərinə görə, E. Branson haqqında verilən məhkəmə qərarı Türkiyənin demokratik bir hüquq dövləti olduğunu, Türkiyədə məhkəmə sisteminin tərəfsiz və müstəqil olduğunu göstərir. F.Altun təəssüflə qeyd edib ki, Türkiyənin müstəqil məhkəmə sisteminə müəyyən müddətdir Amerika hakimiyyəti tərəfindən təzyiq göstərilməyə çalışılıb, Türkiyə müxtəlif sanksiya təhdidlərinə məruz qalıb.
 
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın belə təhdidlərə boyun əyilməyəcənə dair sözlərini xatırladıb: “Prezidentimiz hər dəfə Türkiyənin bu cür təhdidlərə boyun əyməyəcəyini, müstəqil və tərəfsiz türk məhkəməsinin qəyyumluğa alınmayacığını, onun verəcəyi qərara hər kəsin hörmət etməli olduğunu vurğulayıb”.
 
F. Altun ABŞ Prezidenti Donald Trampın amerikalı keşiş azad edildikdən sonra “Rahib Branson üçün çox çalışdıq” mesajına da münasibət bildirib: “ABŞ Prezidentinə bir daha xatırlatmaq istəyirik ki, Türkiyə demokratik bir hüquq dövlətidir və türk məhkəmələri müstəqildir. Türkiyə Cümhuriyyəti türk məhkəmələri kimi heç bir orqan və ya şəxsdən təlimat almır, qərarlarını öz iradəsi və qaydalarına uyğun verir”.

DİGƏR XƏBƏRLƏR

Top