Azərbaycanda uşaqların gələcəyi necə olacaq? - HESABAT

Azərbaycanda 15 yaşlıların 87 faizi azı 60 yaşına qədər yaşayacaq. Bu barədə Dünya Bankının ilk dəfə olaraq tərtib etdiyi insan kapitalının İndeksində bildirilir. Bu hesabatda əhaliyə yatırılan investisiyaların ölkə iqtiadiyyatına verə biləcəyi məhsuldarlığı təhlil edilir.

Dünya Bankının  “İnsan Kapitalı İndeksi” (İKİ)(Human Capital İndex)  hesabatında  bu gün doğulan uşaqların 56 faizinin ən yaxşı halda bacara biləcəklərinin yarısı qədər məhsuldar olacağını göstərib. Eyni zamanda 92 faizi ən yaxşı halda bacardıqlarının 75 faizi qədər məhsuldar olacaq.

İndeks 157 ölkə üçün müəyyən olunub.

İKİ-da Azərbaycan 0.60 bal almaqla 69 –cu pillədə qərarlaşıb. Qonşu dövlətlərdən Gürcüstan 61-ci yerdə (0.61 balla), Ermənistan 78-ci yerdə (0.57 balla), Rusiya 34-cü yerdə (0.73 balla), Türkiyə 53-cü yerdə (0.63 balla) gəlir.

Siyahıda birinci yeri Sinqapur, sonuncu pilləni isə Çad Respublikası paylaşır.

Qeyd edək ki, İKİ bu gün doğulan uşaqların 18 yaşına qədər əldə edə biləcəyi insan kapitalının həcmini ölçür. İndeks  tam təhsil və tam sağlamlıq meyarı ilə müqayisədə gələcək nəsilin məhsuldarlığını ifadə edir.

İndeks  beş indikator əsasında hazırlanıb.

1.     5 yaşa qədər yaşamanın mümkünlüyü,

2.     uşağın gözlənilən məktəb təhsili illəri,

3.     öyrənmənin keyfiyyət göstəricisi kimi ümumi yoxlama balları,

4.     yaşlanacaq insanların faizi (60 yaşa qədər yaşayacaq 15 yaşlıların payı)

5.     alçaq boylu olmayan uşaqların payı.

DB-nin hesabatına görə, 2012-2017-ci illər arasında Azərbaycan İKİ üzrə  0,56-dan 0,60-a yüksələ bilib. 2017-ci ildə Azərbaycanın İKİ regiondakı ölkələrin orta rəqəmi ilə müqayisədə aşağıdır, lakin gəliri oxşar olan ölkələr qrupunun orta rəqəmindən bir qədər yüksəkdir. 

Hesabata görə, Azərbaycanda bu gün doğulan uşaqlar tam təhsil və tam sağlamlıqdan faydalanacaqları halda 60 faiz məhsuldar olacaq. 

Hər 100 uşaqdan 98 -i isə 5 yaşa qədər yaşaya biləcək.

Azərbaycanda 4 yaşında təhsilə başlayan uşaq 18 yaşadək orta hesabla 11,6 il müddətli təhsili bitirə bilər. Azərbaycandakı uşaqların 18 yaşa qədər 11,6 illik məktəbəqədər, ibtidai, orta və tam orta təhsil müddətini tamamlaması gözlənilir. Lakin məktəb təhsili müddəti öyrənmənin keyfiyyətinə uyğunlaşdırıldıqda, bu sadəcə 8,8 ilə bərabərdir. Hesabata görə, öyrənmə ilə bağlı 2,8 il çatışmazlıq mövcuddur.

Azərbaycanda şagirdlərin öyrənmə keyfiyyətinı görə qiymətləndirmə orta səviyyədən bir qədər aşağıdır. Belə ki, İKİ-nə əsasən, şagirdlərin öyrənmə keyfiyyəti 472 balla qiymətləndirilib. Burada aldıqların təhslin keyfiyyinə görə oğlanlar 466 balla, qızların isə 479 balla dəyərləndirilib. Qeyd edək ki, bu şkalada 625 yüksək nailiyyət, 300 isə minimum nailiyyətin göstəricisidir.

İnsanların uzun ömürlüyünə gəlincə, Azərbaycanda 15 yaşlıların 87 faizi 60 yaşına qədər yaşayacaq. Bu göstərici oğlanlar üzrə 83 faiz, qızlar üzrə isə 92 faiz göstərilir. Göstərilən statistika bu gün doğulan uşağın mövcud şəraitdə yaşlandıqda ölümcül və ölümcül olmayan sağlamlıq nəticələrinin qiymətləndirilməsi üçün vasitədir.

Bundan başqa, İKİ-dən məlum olur ki, Azərbaycan doğulan hər 100 uşaqdan 18-i alçaq boyludur və onlar ömrü boyunca davam edə biləcək əqli və fiziki məhdudiyyət riski altındadır.

2017-ci ildə Azərbaycan üzrə İnsan Kapitalı İndeksi onun gəlir səviyyəsi üçün gözləniləndən aşağıdır. Belə ki, insan kapitalından gəlirlilik adam başına düşən real ÜDM-də 0.6 faizin altında olub. (fed.az)

DİGƏR XƏBƏRLƏR

Top