Qocaman müəllimlərlə görüş - FOTOLAR


Belə deyilər ki, qocalığa cavanlıqdan hazırlıq aparmaq lazımdır. Deməli, yaşlı insanların məsləhətləri, tövsiyələri uşaqlar, yeniyetmələr, gənclər üçün çox vacibdir, gərəkdir. Elə buna görə yaşlı, ağsaqqal adamlarla görüşlər keçirmək, onların məsləhətlərini dinləmək Ucar rayonun Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində ənənə halını alıb. Bugünlərdə məktəbdə vaxtilə bu təhsil ocağında işləmiş qocaman müəllimlərlə görüş keçirilib. Görüşü məktəbin direktoru Rəhim Rəhimov açaraq bildirib ki, gənclikdə qazanılan bilik  qocalıqda müdriklik deməkdir: “Elə buna görə yeniyetmələrimiz, gənclərimiz müdrikliyə doğru inamla addımlamalı, biliklərə dərindən yiyələnməli, məktəbi kamil bir vətəndaş kimi qurtarmalıdırlar. Bu baxımdan şərəfli həyat yolu keçmiş müəllimlərimizin tövsiyələri onlar üçün çox qiymətlidir”.

Tədbirdə iştirak edən qocaman müəllim Elxan Eminov çıxış edərək, öz həyatından maraqlı hadisələr danışıb, şagirdlərə,  gənc müəllimlərə tövsiyələrini bildirib. Tədbirdən sonra məktəbin direktoru Rəhim Rəhimov  öz gənc kollektivi ilə birlikdə, təqaüdçü Səmədov Tariyel, Süleymanova Bibixanım və Qiyvə müəlliməni ziyarət edərək onların unudulmadıqlarını, hər zaman könüllərdə yaşadıqlarını bildiriblər.
 Pərviz Əliyev, Ucar


DİGƏR XƏBƏRLƏR

Top