Bakıda telefon dirəkləri və telefon məftilləri tarixə qovuşacaq

Tezliklə Bakı qəsəbələrindəki telefon dirəkləri və telefon məftilləri tarixə qovuşacaq. Paytaxtda bir xətt üzərindən üç – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. 

“Baktelecom” tərəfindən həyata keçirilən layihə çərçivəsində 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON texnologiyası fiber-optik xətlər üzərindən təmin edilir.

GPON - Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə deməkdir. Bu texnologiya kabel xətlərindən asılılıq olmadan yüksək sürətli məlumat ötürməyə, hava şəraitindən aslı olmayaraq, kəsintisiz xidmət göstərilməsinə imkan verir. 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Nazirlər Kabinetinin üçüncü rüb üzrə iclasında açıqladığı rəqəmə görə, bu ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq. 

“Baktelecom”un “Üç bizimlə” paketi əsasında internet və telefon xidmətləri ilə yanaşı, yerli və xarici telekanalların keyfiyyətli yayımını həyata keçirən İPTV xidmətini təqdim etməsi nəticəsində xidmət keyfiyyəti yüksələcək. 

Layihənin birinci mərhələsində artıq 40 min mənzildə GPON infrastrukturu yaradılıb. Layihənin ikinci mərhələsinə start verilib ki, yaxın zamanda 100 minə qədər mənzildə bir optik xətt üzərindən multimedia xidmətləri təmin ediləcək.

LTE texnologiyasının (LTE-Long Term Evolution) tətbiqi sayəsində infrastruktur olmayan ərazilər də telekommunikasiya xidmətləri ilə təmin olunur. Beləliklə, yeni nəsil “Simsiz rabitə” şəbəkəsi ilə əhali telefon və digər multimedia xidmətləri ilə təmin edilir. Hazırda üç minədək abunəçi simsiz rabitə şəbəkəsinə qoşularaq telekommunikasiya xidmətlərindən yararlanır. 

Hazırda xidmət üzrə “Start”, “komfort”, “optima” tarifləri üzrə müştəriyə 10, 15 və ya 25 manatlıq sürət paketini seçmək təklif olunur. 

“Simsiz rabitə” xidmətinə qoşulmaq istəyən müştərilər simsiz şəbəkəni dəstəkləyən və yüksək keyfiyyəti ilə seçilən xüsusi “outdoor” avadanlıqlar əldə etməlidirlər. Bu qəbuledici cihazlar baza stansiyalarından ötürülən siqnalı stabil saxlamaq və tam həcmdə ötürmək imkanına malikdir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top