"Vicdanlı işəgötürəni cəzalandırma sistemi davam edəcəkmi?" - Ekspert


"Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası maraqla izlədim. Vergilər Naziri Mikayıl Cabbarovun çıxışında xeyli problemli məsələlərlə toxunuldu. Biri barədə mən illərdir deyirəm. Mən dəfələrlə vicdanlı işəgötürənlərin yükünün getdikcə artırılması ilə bağlı aparılan səhv siyasətlə bağlı fikirlərimi KİV-lərdə açıqlamışam. Son illərdə həyata keçirilənlər ona aparır ki, işçiləri ilə əmək müqaviləsi bağlayan, ikili mühasibatlıq aparmayan sahibkar iflasa məhkumdur".
Yeniavaz.com xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
"Çünki o rəqabətdə kölgə fəaliyyəti ilə məşğul olan sahibkara uduzur. İşçilərinin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayan, bağladığı əmək müqavilələrində isə verilən əmək haqqını bəzən 4-5 dəfə az göstərən, ən yaxşı halda muzdlu işə cəlb etdiyi şəxslə mülki-hüquqi müqavilə bağlayan işəgötürənlər milyonlarla vəsaiti vergidən və sosial ödəmədən yayındırdığı halda vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü ilbəil artır. Vicdanlı işəgötürənin vergi və sosial yükünün artması ona gətirib ki, ölkədə son illərlə məşğulluğun səviyyəsi artdığı halda muzdla işləyənlərin sayı 90-cı illərin səviyyəsində qalır. Rəqabətdə uduzan vicdanlı işəgötürən də məcbur olaraq tədricən kölgə iqtisadiyyatına meyillənir. Sahibkarların maraqlarını müdafiə edən təşkilatın adı var, özü isə yoxdur. Ötən ildən işsizliyə görə sığorta fonduna toplanan 90 milyon manatı da işəgötürənlər (yarısını işçilər versə də əslində bu yük də faktiki işəgötürənin üzərindədir) ödəyir. Keçmiş nazirin bir sıra absurd ideyalarının indi həyata keçirilməsi planlaşdırılır. Əmək Məcəlləsində ölü müddəa olan əməyin mühafizəsi fonduna dair müddəalar 2011-ci ildə Məcəllədən çıxarılmalı idi. Yaxın gələcəkdə tibbi sığortanın da vicdanlı işəgötürənin belinə yüklənməsi planlaşdırılır. Nəticə isə acınacaqlıdır. Qeyri-rəsmi məşğulluqla mübarizənin nəticəsi o qədər də ciddi deyil. Muzdlu işçilərin sayı azalmaqda davam edir. Ümid edirəm ki, Vergilər Nazirinin dünən müşavirədə qaldırdığı problemlə bağlı tezliklə tədbirlər həyata keçiriləcək",-deyə Sahib Məmmədov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top