"Ən müxtəlif səviyyələrdə məsələ ört-basdır edilir ki, Prezident bilməsin" - Deputat


"Birinci dəfə deyil ki, ölkə Prezidenti ictimai nəzarəti önə çəkir. Bundan öncə də dəfələrlə vətəndaşlarımıza, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə (KİV) müraciət edərək, ictimai nəzarətin yönləndirilməsinin vacibliyini söyləyib. Bu da təbiidir, çünki ölkə Prezidentinin özünün də dediyi kimi, ayrı-ayrı məmurların korporativ maraqlarına uyğun olaraq edilən qanunsuz hərəkətlər heç zaman məmurlar tərəfindən açıqlanmır və imkan daxilində ən müxtəlif səviyyələrdə ört-basdır edilir ki, Prezidentə çatmasın". Bu fikirləri Yeniavaz.com saytına açıqlamasında deputat Fəzail Ağamalı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin dünən keçirilən iclasında çıxışı zamanı ictimai nəzarətlə bağlı toxunduğu məqamlara münasibət bildirərkən deyib.
Deputat bildirib ki, məmurların korporativ maraqlarına uyğun olaraq edilən qanunsuz hərəkətlərin qarşısını almaq üçün yeganə mexanizm ictimai nəzarətdir: "Yəni insanlar, vətəndaşlar, ölkə Prezidentinə, KİV-ə müraciət edirlər. Ölkə Prezidenti də həm öz saytı vasitəsi ilə, həm özü birbaşa mətbuatı, telekanalları izləməklə, KİV-lər vasitəsi ilə bu cür xoşagəlməz hallarla tanış olur, ondan sonra dərhal reaksiya verir. Dövlət başçısı bununla bağlı hökumətin yığıncağında da fikirlərini bir daha önə çəkdi, hətta bələdiyyələri, Bakı Şəhər İcra Hakimiyyətini, eyni zamanda Bakının Rayon İcra Hakimiyyəti başçılarını da ittiham hədəfinə çevirdi, qeyd etdi ki, onlar əslində məsələləri biri digərinin üzərinə atırlar. Məhz vətəndaşların fəallığı nəticəsində bəzi qanunsuzluq aradan qaldırılıb və Prezident onlara da öz təşəkkürünü bildirdi".
"Mənə elə gəlir ki, bundan sonra da ictimai nəzarət funksiyasının yerinə yetirilməsinin ən mühüm şərtlərdən biri vətəndaşlarımızın obyektiv şəkildə məsələlərlə bağlı fəallıq göstərməsidir və bir də KİV-in bu məsələdə aktiv olması, tez reaksiya verməsi, onu ictimailəşdirməsidir. Belə olarsa, qanunsuz addımların, qanunsuz hərəkətlərin, məmurların yol vermiş olduğu ayrı-ayrı xoşagəlməz halların qarşısını almaq mümkündür",-deyə Fəzail Ağamalı vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top