“Ukraynadakı səfirimiz azərbaycanlını erməni nazirə şikayət edibsə, buna çox mənfi baxıram”


Ukraynanın “Qafqaz Xalqları Konqresi” ictimai təşkilatının sədri Paşa Məmmədovla Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasında gərginlik səngimir. Gərginliyə səbəb isə Azər Xudiyevin Paşa Məmmədovdan Ukrayna daxili işlər naziri Arsen Avakova şikayət məktubu yazmasıdır. Məktubun yazılmasına səbəb kimi Paşa Məmmədovun saxta səfirlik vəsiqəsindən istifadə etməsi göstərilir. Həmçinin, qarşı tərəf haqqında çıxarılan saxta sənədlə bağlı iddiaları qəbul etmir. Maraqlıdır, hər hansı səfir öz vətəndaşından təmsil olunduğu ölkənin rəsmi orqanlarına şikayət edə bilərmi? “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” sədri Rövşən Tağıyev bildirib ki, əgər belə hal baş veribsə, ona münasibəti yaxşı deyil. “Ukraynadakı səfirimizin  Avakova yazdığı kağızı görməmişəm. Üstəlik həmin kağızın hansı formada yazıldığını da bilmirəm. Ona görə də ətraflı nəsə deyə bilməyəcəm. Sadəcə, onu söyləyə bilərəm ki, əgər doğrudan da Ukraynadakı səfirimiz oranın daxili işlər naziri Avakova məktub yazıbsa, buna mənfi baxıram. Üstəlik əgər Paşa Məmmədov yalandan məlumat yayırsa, ona da mənfi baxıram. Ümumiyyətlə, azərbaycanlıların problemlərini Ukrayna ictimaiyyətinə çıxartmaq doğru deyil. Sadəcə bir şeyi dəqiq bilmək lazımdır. Bu məktub həqiqətən yazılıb, yoxsa yox?!” 

Rövşən Tağıyev həmçinin görüləcək işlərdən də söz açıb. “Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya səfəri zamanı diasporlar arasında maraqlı danışıq oldu və barışıq prosesi getdi. Həmçinin görüşdə təklif və şərt irəli sürüldü. Birinci şərt ondan ibarətdir ki, heç bir azərbaycanlı öz həmvətəninə qarşı açıq formada çıxış etməməlidir. İkincisi, heç bir azərbaycanlı diaspor üzvü Ukrayna dövlətçiliyinə qarşı çıxış etməməli, dövlətçiliyə qarşı radikal çıxışlar olmamalıdır. Konstruktiv opponentlik etmək, konstruktiv fikir bildirmək olar. Amma hakimiyyəti dəyişmək məsələsi yolverilməzdir. Üçüncüsü isə yeni təşkilatda Ukrayna azərbaycanlıları radası olaraq  birləşdirici şura yaradırıq. Düşünürük ki, orada sədr yox, həmsədrlər olsun. Bununla da insanları birliyə çağıracağıq”. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top