Bu nömrələrə zəng çatmır, sahibləri dünyalarını dəyişib - SİYAHI


Demək olar hər redaksiyanın öz "Telefon nömrələri siyahısı" var. Bu siyahıda ölkənin tanınmış ziyalılarının, ictimai, siyasi xadimlərinin, mədəniyyət və incəsənət nümayəndələrinin, ekspertlərin telefon nömrələri yazılır. Redaksiyadan asılı olaraq bu siyahı bir qədər fərqli ola bilər, məsələn, idman saytında təbii ki, idmançıların, şou-biznes saytında şou-biznes nümayəndələrinin xəbərləri yer alır deyə, o redaksiyalarda nömrələr siyahısı bir qədər fərqli ola bilər, amma bütün hallarda redaksiyaların əksəriyyətində nömrələrin yazıldığı siyahı olur. Jurnalistlər açıqlama almaq istəyəndə, mövzu qıtlığı çəkəndə o nömrələrə zəng vurub ictimaiyyəti maraqlandıran, onları narahat edən müxtəlif mövzularda sözügedən şəxslərin fikirlərini öyrənib xəbər hazırlayırlar.
Amma dünya fani dünyadır, zaman, əcəl öz işini görür, illər ərzində açıqlama aldığın şəxslərin nömrəsinə ya zəng çatmır, ya başqa adam cavab verir. Səbəb isə həmin insanların haqq dünyasına qovuşmasıdır. Bir daha zənginə cavab verilməyəcəyini, yaxud həmin adamla danışa bilməyəcəyini bildiyin halda onların nömrəsini siyahıdan silmirsən, silmək istəmirsən...
Yeniavaz.com saytı adları hələ də jurnalistlərin çoxunun telefon siyahısında qalan şəxslərdən bəzilərini təqdim edir...
- 050-210-..-02. Hüquqşünas Əyyub Kərimovun nömrəsi idi. Ə. Kərimov 2018-ci ilin mart ayında dəm qazından dünyasını dəyişib.
- 050-260-..-45. "Exo" qəzetinin baş redaktoru Rauf Talışınskinin nömrəsi idi. R. Talışınski 2018-ci ilin may ayında ürək tutmasından vəfat edib.
- 050-216-..-96. Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun telefon nömrəsi idi. R. Hüseynov xərçəng xəstəliyindən dünyasını dəyişib.
- 050-215-..-44. Xalq artisti İlhamə Quliyeva ilə jurnalistlər bu nömrə ilə əlaqə saxlayırdılar. İlhamə Quliyeva 2016-cı ilin fevral ayında ürəktutmasından vəfat edib.
050-203-..-66. Xalq şairi Zəlimxan Yaqub uzun illər bu nömrəni işlədib. Z. Yaqub 2016-cı ilin yanvar ayında böyrək çatışmazlığından dünyasını dəyişib.
- 051-504-..-27. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin nömrəsi idi. A. Əliyev 2017-ci ilin oktyabr ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
- 050-210-..-44. Tanınmış vəkil Elton Quliyev uzun illər bu mobil nömrəni işlədib. E. Quliyev 2015-ci ilin dekabr ayında dünyasını dəyişib.
- 050-222-..-48. Xalq şairi Vaqif Səmədoğlunun mobil nömrəsi idi. V. Səmədoğlu 2015-ci ilin yanvarında xərçəng xəstəliyindən dünyasını dəyişib.
- 050- 218-..-63. "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanlının nömrəsi idi. 2011-ci ilin aprel ayında ürək çatışmazlığından vəfat edib.
- 050-353-..-88. Azərbaycanın məşhur bioloqu, tanınmış alimi Qara Mustafayevin nömrəsi idi. Qara müəlim bir neçə gün öncə vəfat edib.
- 050 - 357-..-61. Mərhum reper Anar Nağılbazın nömrəsi idi. A. Nağılbaz 2018-ci ilin avqust ayında ürəktutmasından dünyasını dəyişib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top