Bakıda 50 kv.m obyekt 9 min manata satıldı


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasının ümumi faydalı sahəsi 248,8 kv.m-dir. Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edilib. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının 3 saylı Qızıldaş sexi də iştirakçılar tərəfindən özəlləşdirilib.
Qeyri-yaşayış sahələri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki ümumi faydalı sahəsi 57,8 kv.m olan bu dövlət əmlakının hərracında 15 min manat təklif edən iştirakçı qalib elan edilib. Hərracda özəlləşən qeyri-yaşayış sahələrindən biri də Xətai rayonu, N.Tusi küçəsində yerləşir. Ümumi faydalı sahəsi 50,4 kv.m olan obyektin hərracda son satış qiyməti 9 min manat olub.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 4-ü kənd klublarıdır. Bunlara Göygöldəki Hacıməlik və Danayeri kənd klubları, Lənkərandakı Daşdaleqjar və Velədi kənd klubları aiddir.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 16 oktyabr tarixində baş tutacaq. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir.

DİGƏR XƏBƏRLƏR

Top