İnterpol prezidenti Men Xunvey istefa verib


İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

Bu barədə məlumat beynəlxalq polisin "Twitter" səhifəsinə yerləşdirilib.

"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.
 

İnterpol prezidenti, eyni zamanda Çinin ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsini tutan Men Xunvey ölkəsində qanunu pozmaqda şübhəli bilinir və Çin hökuməti onunla bağlı yoxlamaya başlayıb.

Bu barədə bazar günü Çin Kommunist Partiyasının nizam-intizamın yoxlanılması üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

"Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey qanunu pozmaqda şübhəli bilinir, hazırda dövlət nəzarət komitəsi onunla bağlı yoxlama aparır", - deyə komissiyanın saytına yerləşdirilən mətndə bildirilir.

İnterpol prezidenti Men Xunvey Çinə sentyabrın 29-da gedib. Sonuncu dəfə onunla bir həftə əvvəl əlaqə saxlamaq mümkün olub. Fransanın Lion Şəhər Prokurorluğu tərəfindən İnterpol prezidentinin itkin düşməsi ilə bağlı araşdırma başladılıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top