Qaz niyə tez-tez kəsilir? - "Azəriqaz"dan açıqlama


"Bu ərazilərdə qaz kəsiləcək" başlıqlı xəbərlər əksər hallarda saytlarda ən çox oxunan xəbərlər siyahısında yer alır. Ən çox oxunan xəbər olduğu kimi, ən çox müzakirə edilən mövzulardan da biridir demək olar.
"Sabah bu yaşayış məntəqələrində qaz olmayacaq" xəbərlərə son illər tez-tez rast gəldiyimizdən insanlarda belə qənaət var ki, əvvəllər təmirlə bağlı bu qədər fasilə olmazdı. Bundan başqa, qışın ən soyuq günlərində də bəzən qazın verilişində fasilə olduğunun şahidi oluruq. Bu isə birmənalı qarşılanmır, xüsusilə sosial şəbəkələrdə tənqid olunur. 
Bəs qaz verilişində fasilə olacağı ilə bağlı xəbərlərin, fasilələrin artmasının səbəbi nədir, tənqidlərə nə dərəcədə əsas var?
Səsləndirilən ittihamlarla bağlı Yeniavaz.com saytı "Azəriqaz" İstehsalat Birliyindən münasibət öyrənib.
Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev suallara belə aydınlıq gətirib: "Qaz təchizatının dayandırılması planlı işlərlə əlaqədar olur. Bilirsiniz ki, həm regionlarda, həm də Bakıda əhalinin sayı artır, yeni fərdi yaşayış evləri tikilir, hündürmərtəbəli binalar tikilir. Bu gün mənim qazım var, başqasına qaz verilmir verilməsin deyə bir düşüncə olmamalıdır. Məsələn, əgər sizin mənzilə qaz çəkilirsə, siz də qazdan yararlanmaq istəyirsinizsə, məlumdur ki, o qaz xətti qaz təchizatı mənbəyinə qoşulmalıdır. Bu zaman istər-istəməz mənbədən qaz təchizatı dayandırılmalıdır ki, problem, təhlükə yaşanmasın".
"Azəriqaz" rəsmisinin sözlərinə görə, qaz təsərrüfatında gündəlik olaraq işlər aparılır: "Mütəmadi olaraq ilk növbədə təhlükəsizlik baxımından tədbirlər görülür. Bilirsiniz ki, yay aylarında təbii qaza tələbat az olur, havalar soyuduqca tələbat artır və kəmərlərə təbii qazın verilişində də, həcmində də artım olur. Bu zaman təhlükə yaradan hissələrdə işlər aparılır, tədbirlər görülür".
Payız-qış mövsümünə hazırlıqla əlaqədar da işlərin görüldüyünü, bu zaman zərurət olduğu üçün qaz verilişində fasilələr yarandığını bildirən İ. Kərbalayev deyib ki, əslində bu abonentlərin rahatlığı üçün edilir: "Bundan başqa, ölkədə quruculuq, abadlıq işləri gedir, yeni yollar salınır, yollar təmir olunur.
Bu zaman aidiyyəti, müvafiq orqanlar tərəfindən kommunikasiya xətlərinin yenilənməsi ilə əlaqədar "Azəriqaz"a müraciət olunur.
Qaz təchizatının dayandırılması bu kimi müxtəlif səbəblərdən baş verir. Heç vaxt ola bilməz ki, səbəbsiz yerə hansısa əraziyə qaz verilişi dayandırılsın. Bakıda tunellər, keçidlər tikilir, yollar genişləndirilir. Zərurət yaranır ki, qaz xətləri tikinti sahəsindən təhlükəsiz əraziyə köçürülsün. İstehlakçıların təbii qazla dayanıqlı, keyfiyyətli təmin olunması məqsədi ilə gündəlik olaraq qaz təsərrüfatında işlər aparılır".
"Təmir işləri aparılan ərazidə bəzən olur ki, bir müddət sonra yenidən qazın verilişində
fasilə yaranır. Bunun səbəbi nədir?" sualımıza "Azəriqaz" rəsmisi belə aydınlıq gətirib: "Bu o demək deyil ki, payız-qış mövsümündə hazırlıq oldu, qaz təsərrüfatında heç vaxt fasilə yaranmayacaq. Hər hansı bir gözlənilməz problem səbəbindən də fasilə ola bilər.
Sadaladığım bütün bu amillərin hamısının təsiri olur. Məsələn, yeraltı, yerüstü qaz xətlərində problem yaranır, qaz sızması baş verdikdə təhlükənin qarşısını almaq məqsədi ilə zərurət yaranır ki, həmin o xətlərdə təmir işləri aparılsın. Bir nəqliyyat vasitəsi, bir texnika qaz xəttinə toxunduqda da təhlükə yaranır, qaz sızması olur deyə bütün bu zəruri tədbirlər görülür".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top