Türkiyədə 417 nəfər iqtisadi cinayətə görə saxlanılıb: pullar iranlılara köçürülüb


İstanbul Baş Prokurorluğu iqtisadi cinayətlərdə şübhəli bilinən 417 nəfərin saxlanması barədə qərar qəbul edib. Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, səhər saatlarında axtarış ilə birlikdə polis reydləri başlayıb və bütün ölkə üzrə keçirilir. Bu şəxslər pulların yuyulmasında, ölkə iqtisadiyyatına və maliyyə sisteminə zərər vuran fəaliyyətlərdə şübhəli bilinirlər. Onların əldə etdikləri və xaricə göndərdikləri vəsaitlərin ümumi həcmi 400 milyon dolları keçir.

İstintaqın məlumatına görə, şübhəlilər 2017-ci il yanvarın 1-dən 28 mindən çox pul köçürməsi həyata keçiriblər, hər bir köçürmə 5 min türk lirəsindən (təqribən 850 dollar) başlayıb və xarici banklardakı hesaba yerləşdirilib. Prokurorqluq müəyyənləşdirib ki, bu pul köçürmələrin alıcılarının əksəri ABŞ-da yaşayan iranlılardır.

Şübhəlilərə qarşı ittihamlar irəli sürülərsə, Türkiyə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıla bilər. Onlar pulların yuyulmasında, cinayətkar qruplaşmanın yaradılmasında, eləcə də terrorçuluğun maiyyələşdirilməsinin qarşısının alınması haqqında qanunu pozmaqda ittiham oluna bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top