KİV: Skripalı zəhərləyən vaxtilə Ukrayna Prezidentini Rusiyaya qaçırıb

 
Böyük Britaniyanın “Skripalların işi” üzrə şübhəli bildiyi Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin Rusiyaya aparılması üzrə əməliyyata başçılıq edib. Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, bunu “The Insider” və “Bellingcat” nəşrlərinin Skripalların zəhərlənməsində şübhəli bilinənlərə qarşı apardığı araşdırmada iştirak edən Sergey Kanev deyib.
 
Onun sözlərinə görə, Çepiqa-Boşirov V. Yanukoviçin Rusiyaya təxliyyə edilməsində iştirak edib: “Ən azından bu barədə mənim mənbələrim məlumat verirlər. O özünün xüsusi təyinatlı bölməsi ilə Yanukoviçin Mejiqorye iqamətgahına gedib. Orada qalıb, onu mühafizə edib. Oradan onu Krıma və Rusiyaya daşıyıblar”.
 
S. Kanev qeyd edib ki, məhz buna görə Çepiqa Rusiya Qəhrəmanı adını alıb: “Yanukoviçin təxliyyəsi üzrə xüsusi əməlyyata görə Aleksey Dyumin də Rusiya Qəhrəmanı adını alıb. Dyumin Rusiya Prezidenti Vladimir Putinin keçmiş mühafizəçisidir, indi isə Tula vilayətinin qubernatorudur. Bundan başqa, sonradan “Vaqner” özəl hərbi şirkətin əsasını təşkil edəcək insanlar da Yanukoviçin təxliyyəsinə görə mükafat alıblar”.
 
Xatırladaq ki, martın 4-də Solsberidə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ)  sabiq polkovniki Sergey Skripal və qızı Yuliya ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Britaniya sentyabrın 5-də Skripallara hücum edənlərin BKİ-nin iki zabiti – Ruslan Boşirov və Aleksandr Petrov olduğunu bəyan edib. V.Putin isə sentyabrın 12-də bildirib ki, onlar mülki şəxslərdir. “The Insider” və “Bellingcat” sentyabrın 26-da məlumat verib ki, Boşirovun əsl adı Anatoli Çepiqadır.
 

DİGƏR XƏBƏRLƏR

Top