Azərbaycanda baş verən qatar qəzaları - SİYAHI


Bu gün Bakıda yük qatarının avtobusla toqquşması xəbəri ölkə gündəmini zəbt etdi.
Qəzada 1 nəfər ölüb, 34 nəfər yaralanıb. Qeyd edək ki, bu ilk hadisə deyil, müxtəlif illərdə Azərbaycanda qatarla avtobusun, avtomobillərin toqquşması ilə qəzalar baş verib. Yeniavaz.com onlardan bəzilərini təqdim edir.
2012-ci ildə baş verən belə dəşhətli qəzada 6 nəfər ölmüş, 44 nəfər yaralanmışdı. Qaradağ rayonu Lökbatan qəsəbəsindən Bakıya gələn 214 nömrəli avtobusla Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı toqquşmuşdu. Hadisənin baş verməsinə səbəb, sürücünün "Yol hərəkəti haqqında" qanunun tələblərini pozması olmuşdu.
Daha bir ağır qəza Sabirabad rayonunda olmuşdu. İki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yük qatarının "QAZ 31" markalı minik avtomobilini vurması nəticəsində baş vermişdi.
Bakının Nizami rayonunda isə bir müddət əvvəl hərəkətdə olan qatar relsdən çıxmışdı. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidməti bildirmişdi ki, Keşlə qəsəbəsində yanacaq sisternləri daşıyan qatar hərəkətdə olarkən relslər aralanıb və bir neçə təkər cütü relsdən çıxıb. Nəticədə yanacaq məhsulları ilə dolu 15 vaqon relsdən çıxmışdı. Qəza baş verən ərazi yaşayış evlərinin yaxınlığında olduğundan əhali "panikaya" düşmüşdü
Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında da qəza hadisəsi baş vermişdi. Qəza nəticəsində 7 vaqon relsdən çıxmışdı. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılmışdı.
Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı isə "Keşlə" stansiyasına 400 metr qalmış relsdən çıxmışdı. Aşma təhlükəsi olan qatardan sərnişinlər təcili evakuasiya edilmişdi.
Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində isə 8 vaqon aşmışdı. Onlardan 5-nin yükü sement, 3-ü isə boş olub.
Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxmış və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011" markalı minik maşınının üzərinə çıxmışdı. Sistern "VAZ-21011"i sürüyərək bir neçə metr aparmışdı. Qarşısına çıxan beton maşınına dəyərək dayanmışdı. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılmışdı.
Ölümlə nəticələnən qatar qəzalarından biri də Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində olmuşdu. Belə ki, Böyük Kəsik - Gəncə elektrik qatarı Yuxarı Göyçək kənd sakini Suleyman Rəhimovu vurmuş və o, hadisə yerində ölmüşdü.
Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı. Traktorun sürücüsü Z. Bağırovun ayaqları amputasiya olunmuşdu.
Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində də yük qatarı qəzaya uğramışdı. Stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən vaqonlar relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top