Azərbaycanda polis şöbəsində intihar edənlər - SİYAHI


Qazax sakini Elmir Axundovun Rayon Polis Şöbəsində vəfat etməsi xəbəri ölkə gündəmini zəbt edib. Mərhumun bacısı qardaşına Poliş Şöbəsində işgəncə verildiyini bildirib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, 2015-ci ildə Mingəçevir Şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsi də böyük səs-küyə səbəb olmuşdu.
Həmin vaxt Mingəçevir Şəhər Polis İdarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri yayılmışdı.
Onun atası Dilsuz Hacıyev bildirmişdi ki, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
"Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir", - deyə D. Hacıyev bildirmişdi.
Həmin hadisə böyük rezonans doğurmuş, məsələ Prezidentin nəzarətinə götürülmüş və rayonun polis rəisi bir müddət sonra işdən çıxarılmışdı.
Bu ilin əvvəlində isə Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı rayon sakini özünü 3-cü mərtəbədən atmışdı. Özünü atan şəxsin - 48 yaşlı Tofiq Şükürovun narkotik vasitə istifadəçisi olduğu açıqlanmışdı.
Ümumiyyətlə, internetdə axtarış apardıqda Polis Şöbəsində müxtəlif illərdə intihar edənlər və ya intihara cəhd edənlərlə bağlı rəsmi və KİV-lərdə yayılmış məlumatlara rast gəlmək olur. Yeniavaz.com saytı həmin məlumatlardan bəzilərini təqdim edir.
KİV-də yayılan məlumata görə, bir müddət öncə Lənkəran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş vermişdi. Soyğunçuluq məqsədilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürmüşdü. 1977-ci il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynov polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü öldürmüşdü.
Şirvan Şəhər Polis Şöbəsində də intihar hadisəsi baş vermişdi. Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov boğazını və qollarını doğramışdı. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişmişdi. Zorlamada ittiham olunan V. Muradov Sabirabad Rayon Polis Şöbəsi tərəfindən tutulmuşdu.
Saytlarda yayılan məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan Rəsulov Yaməddin İsmayıl oğlu isə kamerada özünü asaraq intihar etmişdi. Y. Rəsulov narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs olunduğu bildirilmişdi.
Bir müddət öncə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev özünü asmışdı. Yayılan məlumata görə, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.
Mətbuatın məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsində isə 38 yaşlı, Bakının Sabunçu rayon sakini Ramin Abdulhəsən oğlu Əhmədov damarını kəsərək özünü öldürmək istəmişdi. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı. Yaralıya ilkin yardım göstərildikdən sonra yenidən şöbəyə qaytarılmışdı.
Lənkəran Polis Şöbəsində daha bir hadisə isə həyətdəki ayaqyolunda baş vermişdi. Rayonun Veravil kənd sakini, 1976-cı il təvəllüdlü Zahir Gülməmməd oğlu Məmmədovun meyiti ayaqyolundan asılmış vəziyyətdə tapılmışdı. Şəhər Polis Şöbəsinin rəisi İlham Hüseynov bildirmişdi ki, Zaur Gülməmmədov üzərində narkotik tapıldığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Zahir Məmmədov şöbəyə gətiriləndən sonra saxlanılan şəxs ayaqyoluna getmək istədiyini bildirib. Az sonra isə onun meyiti asılmış vəziyyətdə ayaqyolundan tapılıb.
İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər isə intihara cəhd etmişdilər. Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetirmişdilər. Onlar bu addımı zorlamada təqsirləndiklərinə etiraz olaraq atdıqlarını bildirmişdilər.
Daxili İşlər Nazirliyinin yaydığı daha bir məlumat isə Neftçala Rayon Polis Şöbəsində baş vermiş intihar hadisəsi ilə bağlı idi. Neftçala rayon sakini, 1980-ci il təvəllüdlü Aydın Abbasov sərxoş halda ictimai qaydanı kobud surətdə pozub, onu intizama dəvət edən Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı müqavimət göstərib, habelə onlara kömək edən, rayon sakini Mehman Dadaşovu yumruqla vuraraq gödəkçəsini cırıb. Abbasov saxlanılaraq Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasına (MST) yerləşdirilib. Yanvar ayının 26-da saat 16:56-da Abbasov özünü mələfə ilə dəmir barmaqlıqdan asmışdı. Mərhumun intihardan əvvəl yazdığı məktub aşkar edilmişdi. "Ata, ana özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimin günahı yoxdur", - məktubda yazılıb.
Tərtər Rayon Polis Şöbəsində dünyasını dəyişmiş 32 yaşlı Səbuhi Dünyamalıyevin yaxınları mətbuatda nazarılıqlarını bildirmişdilər. Onlar Səbuhi Dünyamalıyevin şöbədə məruz qaldığı işgəncə nəticəsində dünyasını dəyişdiyini iddia edirdilər. Polislər isə narkotik ittihamı ilə saxlanılan Ağdam sakini Səbuhi Dünyamalıyevin şöbədə özünü asdığını bildirmişdilər.
Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində intihara cəhd edən saxlanılan Xəqani Məmmədov isə siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğramışdı. Dərhal xəstəxanaya yerləşdirilən X. Məmmədovun qan itkisinin qarşısı alınmış və həyatı xilas edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top