Paşinyan İlham Əliyevlə danışıqlarının məzmununu açıqladı: son 4 ayda ilk dəfə…

 
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ikitərəfli münasibətlərdə üç məqamı müzakirə ediblər. Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu N. Paşinyan “Facebook” sosial şəbəkəsində canlı efir zamanı deyib.
 
Onun sözlərinə görə, görüş qeyri-rəsmi olub: “Biz ilk dəfə danışdıq”. N. Paşinyan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin onları futbol üzrə dünya çempionatı zamanı tanış etməsinə baxmayaraq, Moskvada Azərbaycan və Ermənistan liderlərinin həmin vaxt danışması alınmayıb.
 
Baş nazir deyib ki, Azərbaycan və Ermənistanın müdafiə nazirləri təmas xəttində insidentlərin qarşısını almaq üçün razılığa gəlməlidirlər. O vurğulayıb ki, görüşdən sonra separatçı Dağlıq Qarabağ bölgəsinin başçısı Bako Saakyana bu razılaşma barədə məlumat verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisənin qarşısını almaq lazımdır.
N. Paşinyan iddia edib ki, bu gecə son dörd ayda ilk dəfə “sərhəddə” heç bir insident qeydə alınmayıb: “Bu mənim baş nazirliyim dövründə ilk sakit gecə olub”.
 
İkinci bənd  Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin dialoq və danışıqlara sadiq qalmaq barədə razılığa gəlmələridir. Hər iki lider Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. N. Paşinyan əlavə edib: “Bizim razılığa gəldiyimiz üçüncü vacib qərar isə aramızda operativ əlaqənin təşkil edilməsi olub. Bunu ölkələrimizdəki müvafiq orqanlara tapşıracağıq”. Onun sözlərinə görə, atəşkəs rejiminin sarsılmazlığını qorumaq üçün belə əlaqənin olması çox vacibdir”.
 
Bununla belə, Baş nazir diqqətə çatdırıb ki, iki ölkənin liderləri dünən axşam və bu gün (sentyabrın 27-i və 28-i) söhbət etmələrinə baxmayaraq, konkret mövzular üzrə danışıqlar olmayıb: “Bizim üçün əsas problem atəşkəs rejiminin pozulma hallarının qarşısını almaq olub. Məzmun üzrə müzakirələr olmayıb. İndiki mərhələdə yalnız gərginliyin azaldılması müzakirə olunub. Əgər biz nizamlanmadan danışırıqsa, o zaman aydındır ki, müvafiq ab-hava lazımdır. Atəş açıldığı bir vaxt nizamlanmadan danışmaq məntiqli deyil. Sözün düzü şadam ki, biz onunla razılığa gələ bildik”. N. Paşinyan ümid edir ki, bu razılaşmalara əməl olunacaq. Ermənistan tərəfi onların səmərəli olması üçün hər şeyi edəcək.
 
Xatırladaq ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Düşənbədə keçirilmiş MDB-yə üzv ölkələrin dövlət başçılarının şurası çərçivəsində danışıblar.

DİGƏR XƏBƏRLƏR

Top