"123-cü maddə üzrə cinayət işinin başlanması hüquqa ziddir" - Fərhad Mehdiyev


"Qazax Polis İdarəsinə izahat vermə adı ilə aparılıb pis rəftar nəticəsində öldürüldüyü iddia olunan Elmir Axundov məsələsi geniş ictimailəşəndən, mərhumun bacısının bəyanatından sonra, həqiqi təqsirkarların məsuliyyətə cəlb olunması üçün qanuni tədbirlər alınmağa başlanıb. Belə ki prokurorluq bildirib ki, hadisə ilə bağlı CM-in 123-cü maddəsi (cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) ilə cinayət işi qaldırılıb. Bir digər xəbərə görə istintaq CM-nin 124-cü maddə üzrə aparılır (ehtiyatsızlıqdan adam öldürmə). Hər iki cinayətin sanksiyası yüngüldür - ən çox 3 ilə qədər azadlıqdan məhrum etmə".
Yeniavaz.com xəbər verir ki, bunu Qazaxda baş verən ölüm işi ilə bağlı şərh verərkən politoloq Fərhad Mehdiyev bildirib.
Onun sözlərinə görə, əməlin bu cür tövsif edilməsi tamamilə yersizdir: "CM-nin 123-cü maddəsi tutulma anında verilən xəsarət hallarına aiddir. Halbuki Elmir Axundova yetirilən xəsarətlər tutulduqdan sonra, polis binasında vurulub. Hadisədə cinayətlərin məcmusu var, ən başda da CM-nin 309.2 - vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda - 3 ildən 7 ilə kimi azadlıqdan məhrum etmə, habelə 126.3 (ehtiyatsızlıqdan zərər vurma nəticəsində zərər çəkmiş şəxsin ölməsi); - ki ikinci cinayət baxımından sanksiya 7 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə nəzərdə tutulur. Cinayətlər öz arasında real cəm yaradır və prokurorluq məhkəmədən təqsirkarın 15 il azadlıqdan məhrum edilməsini tələb etməlidir.
Bu səbəbdən əməlin daha yüngül cinayət kimi tövsif edilərək 123-cü maddə üzrə cinayət işinin başlanması hüquqa ziddir və təqsirkarın məsuliyyətdən qaçması ilə nəticələnə bilər.
21-ci əsrdə bu cür qanunsuzluqlara ölkəmizin hüquq-müdafiə sistemində yer olmamalıdır. CPT də tövsiyə edir ki, pəs rəftarda təqsirli bilinənlər ədalətli cəza almalı, polis heyətinə vaxtaşırı təlimlərdən keçirilərək vətəndaşlarla qanun çərçivəsində necə davranacaqları aşılanmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top