Gəncədə 6 məktəbdə informatika fərqli formada tədris olunacaq - Nazir baxış keçirib


Gəncədə informatika fənni ilk olaraq 6 məktəbdə fərqli formada tədris olunacaq. 
Təhsil naziri Ceyhun Bayramov Gəncə şəhər M. Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə yeni pilot layihənin icrası üçün yaradılan şəraitlə tanış olub. Yeniavaz.com xəbər verir ki, məktəbin müəllim və şagirdləri ilə görüşən təhsil naziri layihə ətrafında onlarla fikir mübadiləsi aparıb.
Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır.
Layihə təhsil alanlara yeni texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir: "Ümumi təhsil müəssisələrinin beşinci sinifləri üçün nəzərdə tutulan layihə ötən il Bakının 45 məktəbini əhatə edirdi. Il sonunda şagirdlərin əldə etdikləri nəticələrə nəzər saldıqda müsbət dəyişikliklərin olduğunu gördük. Bu səbəbdən layihə genişləndirildi. Artıq Bakının 65 məktəbnin 5-ci və 6-ci sinifləri bu layihəyə qoşulub. Gəncədə isə informatika fənni ilk olaraq 6 məktəbdə fərqli formada tədris olunacaq. Nəzəri və praktiki biliklərin, həmçinin alqoritmik düşüncənin formalaşması baxımından olduqca önəmli bir layihədir".
Ceyhun Bayramov onu da bildirib ki, layihəyə qoşulan bütün məktəblər yüksək sürətli internet xətti və lazımi avadanlıqlarla təmin ediliblər.
İnformatika fənnini tədris edəcək müəllimlərin hazırlıq səviyyəsinə isə xüsusi ilə diqqət yetirilib.
İnformatika fənnin fərqli formada tədrisi dedikdə nə başa düşülür? Pilot siniflərdə keçilən dərslər praktik məşğələlərdən ibarətdir. Şagirdlərin bu dərsdə daha çox öyrənməsi üçün ənənəvi informatika dərslərinin saatından tutmuş proqramına qədər hər şey dəyişdirilib. Dərs saatı artırılıb, şagird sayının azalması və ayrılan vaxt ərzində müəllimin hamıya daha çox vaxt ayırmasını təmin etmək məqsədi ilə hər sinif iki qrupa bölünüb.
Müəllimlərin dərsinə mütəmadi nəzarət etmək, dərsin keyfiyyəti daim ölçmək məqsədi ilə xüsusi sistem qurulub. Bu, layihənin koordinatorlarına gün ərzində kurasiyasında olan müəllimləri izləmək imkanı verir. Mövcud sistemə koordinatorlar və müəllimlərlə yanaşı, Təhsil Nazirliyindən də daxil olub dərsin nəticələrinə baxmaq mümkündür. 
Məlumat üçün bildirək ki, informatika fənninin tədrisi üzrə pilot layihə İT sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top