Bakıda internet kluba gedən uşaqlar evdə valideynlərinə şok yaşadır - AÇIQLAMA


"Yetkinlik yaşına çatmayan uşaqların seksual xarakterli "oyunları" ilə bağlı bizə müraciətlər artır". Bunu Yeniavaz.com saytına açıqlamasında "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib.
Onun sözlərinə görə, bir çox analar uşaqlarına seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı onlara müraciətlər ediblər: "Ana gətirir öz 4-5 yaşında uşağını və deyir ki, daha yuxarı yaşlı bir uşaq tərəfindən onun oğluna və ya qızına seksual xarakterli hərəkətlər olub. Bizə axır vaxtlar bununla bağlı müraciətlər çox olur. Son 1 həftə ərzində də belə şikayətlər olub. Bu da ondan irəli gəlir ki, yetkinlik yaşına çatmayan uşaqlar internet klublarda gördüklərini həyatda tətbiq eləmək istəyirlər.
Daha yuxarı yaşlı uşaqlar, yeniyetmələr baxmırlar kimdir, necədir - 4, 5, 6 yaşında qız və ya oğlan uşağına internetdə gördüklərini tətbiq edirlər".
Zenfira Mustafayeva deyib ki, bu çox qorxulu bir tendensiyadır: "İnanın, çox qorxuludur. Ona görə də bu barədə valideynlər məlumatlandırılmalıdır ki, uşaqlarına nəzarət etsinlər. Uşaqlar internet klublara gedirlər, nəyə baxırlar və ya evdə oturub internetdə nə ilə maraqlanırlar?
Bu yaxınlarda binamızın blokundan çıxanda gördüm ki, 2 qız uşağı oturub, əllərində planşet var idi. Maraqlı gəldi, dönüb arxadan gördüm ki, onlara layiq olmayan, yaşlarına uyğun gəlməyən şeylərə baxırlar. 6-7 yaşlı qız uşaqlarının belə bir şeyə baxması çox qorxuludur. Bilirsiniz, həmin uşaqlarda vaxtından tez oyanma əmələ gəlir, əks cinsə olan meyilliliyin artmasına səbəb olur. Bunlar çox şübhəlidir və qorxuludur. Bunların cəzasını çəkəcəyik".
"Azyaşlılar internet klublarda yaşlarına uyğun olmayan videolara baxırlar və maraq oyanır. 9-10 yaşlı uşaqlar bunu kiçik yaşlı uşaqlara tətbiq etməyə başlayırlar. Kiçik yaşlı uşaq qanmır, başa düşmür, böyük ona deyir ki, gəl, səninlə belə bir oyun oynayaq, aldadır ki, bu oyundur. Sonra da bütün bunların acı nəticəsi olur. Uşaq valideyninə danışandan sonra onlar bizə müraciət edirlər. Əgər uşaq danışmasa, valideyn bunu bilməz. Bizim də, sizin də borcunuzdur ki, xəbərsiz valideynləri bu barədə məlumatlandıraq",-deyə ekspert vurğulayıb.
Zenfira Mustafayeva bu vəziyyətlə üzləşən uşaqların valideynlərinə köməklik göstərməyə çalışdıqlarını söyləyib: "Valideynlər bizə müraciət edirlər ki, uşaqda olan psixoloji problemləri aradan qaldırmağa köməklik göstərək. Uşaqlar bu təcavüzdən sonra güclü travma alırlar, onlarda qorxu hissi əmələ gəlir. O toxunmanı aradan qaldırmaq üçün psixoloq uşaqla işləyir və tədricən əvvəlki vəziyyətinə qayıtmağa çalışır. Uşaqlarda əmələ gələn psixi pozuntunu bərpa eləmək üçün lazımdır ki, psixoloq onlarla işləsin. Reabilitasiya prosesi getməsə, nəticəsi çox ağır olur".

DİGƏR XƏBƏRLƏR

Top