Bakıda 5 manata görə müəllim şagirdə GÖRÜN NEYLƏYİB


Bakıda orta məktəb müəllimi şagirdini 5 manata görə alçaldıb. Hadisə paytaxtda, Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə baş verib. Bu barədə Yeniavaz.com saytına övladı həmin müəllimin dərs dediyi sinifdə oxuyan valideynlərdən biri məlumat verib.
O, bildirib ki, hadisə ötən tədris ilində baş versə də, müəllimin həmin şagirdə qarşı aqressiyası yeni dərs ilində də davam edir: "Aşağı sinif şagirdlərindən biri dərs zamanı müəllimin 5 manatını götürüb. Uşaq dəcəldir, ərköyündür, bu aydındır. Müəllim uşağın pulu götürdüyünü biləndən sonra onu şagirdlərin qarşısında ayağa qaldıraraq "baxın, bu uşaq oğurluq edib" deyib və onu aşağılayıb. Bu azmış kimi müəllimə sinif yoldaşlarına həmin şagirdlə danışmamağı tapşırıb. Valideynə isə deyib ki, uşağın götürdüyü 5 manatın əvəzində 10 manat gətirməlisən. Açığı, hamımız təəccübləndik - valideyn 5 manatın əvəzində müəlliməyə niyə 10 manat qaytarmalıdır? Övladımın sinif yoldaşı kimi mən müəllimin uşağa qarşı etdiyi bu hərəkətə etirazımı bildirdim, digər valideynlərə də dedim ki, gəlin müəllimə öz iradımızı bildirək. Ancaq onlar dedilər müəllimə nə deyək? Beləcə, ötən tədrisi ili başa çatdı. Yeni dərs ilində məlum oldu ki, müəllim yenə şagirdlərə həmin şagirdlə danışmamağı tapşırıb. Axı bu nə dərəcədə doğrudur? Müəllim səhvə yol verən şagirdi alçaltmalıdırmı? Bu davranış uşağın psixologiyasına travma deyilmi? Uşaq uşaqdır, səhvə yol verib, aydındır, amma bu kimi davranışlar uşağın psixologiyasını pozur, üstəlik, həmin sinifdə oxuyan bizim övladlarımız üçün də xoş bir hadisə deyil".
Müəllimin bu davranışı ilə bağlı pedaqoq Elmir İsgəndərov saytımıza açıqlamasında deyib ki, müəllim şagirdin hər səhvini ona doğrunu öyrətmə fürsəti olaraq görməlidir: "Ümumiyyətlə, unutmamalıyıq ki, müəllim böyükdür, şagird kiçik. Müəllim öyrədəndir, şagird öyrənən. Buna görə nə olur-olsun, müəllim şagirdə nəinki güzəştə getməyi bacarmalı, şagirdin hər səhvini ona doğrunu öyrətmə fürsəti olaraq görməlidir".
"Uşağı tənqid və ya təhqir etmək, xüsusilə buna onun öz yaşıdlarının gözü qarşısında yol vermək müəllim adına yaraşmaz. Hər kəs öz yaşına, təcrübəsinə uyğun davranmalıdır",-deyə pedaqoq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top