"Qafqaz İslam Ordusu muzdlu ordu idi" - Deputat

"Azərbaycan Xalq Cümhuriyyətinin o zamanlar ordusunun olmayıb".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.

Onun sözlərinə görə, həmin zaman Qafqaz İslam Ordusu köməyə gələrək Bakını erməni-bolşevik işğalından azad etdi: "Bu çox yaxşı haldır. Ancaq mən bir şeyi həmişə deyirəm və məni də həmişə buna görə söyürlər. Çünki mən həmişə deyirəm ki, Qafqaz İslam Ordusu muzdlu ordu idi. Onlar Gəncədə oturmuşdular. Ta ki, pul onlara gəlib çatdı, ondan sonra Bakıya doğru hərəkət etdilər. Bu zaman da onları qınamalı deyilik. Çünki muzdlu ordu idi. Düzdür, Bakını işğaldan azad etmək üçün gəliblər. Çox sağ olsunlar. Bu öz yerində. Amma Osmanlı ordusu mükəlləfiyyətli ordu deyildi. Bunu bəziləri başa düşmür. Adi bir şey deyim sizə. Sovet ordusunda əsgərlərimizə ayda 3-5 manat dilənçi pulu verirdilər. Məgər orduda maaş yoxdur? Olmalıdır! Qafqaz İslam Ordusunda da eləydi. Mən bunu deyən kimi başlayırlar məni söyməyə. Yoxsa, başlarına at təpməmişdi ki, durub Türkiyədən bura gəlsinlər, pulsuz döyüşməyə. Axı da onlar bir şey yeməliydilər, içməliydilər, geyinməliydilər. Mən tarixçi kimi buna belə qiymət verəndə başlayırlar ki, Araz Əlizadə türklərin əleyhinədir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas isə deyib ki, Qafqaz İslam Ordusunun Bakını pul müqabilində azad etməyə gəldiyini deyən şəxs kimliyindən asılı olmayaraq xalqını, türkçülüyü sevməyən insanlardı: “Onlar ləkə yaxmaq istəyirlər. Bunu hamı bilməlidir ki, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ölkəmizə gəlməsəydi nə Bakı azad olunacaqdı, nə də ümumiyyətlə Azərbaycan olacaqdı. Bunlar tarixi faktlardı və sənədlərdə göstərilib. Onlar Bakını azad etməyə gəliblər və neçə min şəhidlər veriblər. Baxın, Azərbaycanın hər bir yerində türk əsgərlərinin məzarı var. Düzdür, bizimkilər də 1915-ci ildə Çanaqqala müharibəsində iştirak ediblər. Bizim də orada şəhidlərimiz olub. Orada şəhid olan azərbaycanlıların məzarı Anıtqəbirdə adları ilə göstərilib. Qafqaz İslam Ordusu ölkəmizə gələrək erməni-bolşevik qırğınının qarşısını aldı və Bakını işğaldan azad etdi. Hansı pulla Qafqaz İslam Ordusu döyüşmüşdü? Onda heç Azərbaycanın pulu vardı ki? Azərbaycan bir dövlətiydi ki? Bu dərəcədə cəfəng danışmaq, millətə şər atmaq olmaz axı. Əslində elə qanunlar olmalıdır ki, belə danışan adamlar məsuliyyətə cəlb olunsun. Bir sənəd çıxarıb göstərsinlər ki, pul vermişik. Bu cür cəfəng danışıqlar bütün millətə hörmətsizlikdi. Türklərin belə bir sözü var: “Ağzı olan konuşuyor”. Danışır da...”.

DİGƏR XƏBƏRLƏR

Top