Mingəçevirdə də evlərin qiyməti bahalaşdı

Mingəçevirdə evlərin qiyməti qalxıb.

Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilə nisbətən 10-15% artım müşahidə olunur.

Rielitorluqla məşğul olan Aydın Heydərov bildirib ki, əvvəllər Rusiyadan gələnlər Mingəçevirdən ev alırdılar, indi isə onlar buradakı evlərini satıb Rusiyaya gedirlər: “Son vaxtlar evlərin qiyməti qalxıb, lakin bir o qədər də alıcı yoxdur. Ancaq kirayə bazarında canlanma müşahidə olunur. Şəhərdə yeni istifadəyə verilən hündürmərtəbəli binalara da tələbat çox azdır”.

A. Heydərovun sözlərinə görə, ev alanlar “Leninqrad” və “Xuruşşovka” layihəli binalara üstünlük verirlər: “Ötən il “Xuruşşovka” layihəli binaların 1 otaqlıları 19 minə satılırdısa, indi 21 minə verirlər. “Leninqrad” tipli binaların 1 otaqlısı ötən il 25-26 min manata satılırdısa, indi 29 minə satılır. Kirayəyə də tələbat artıb. Qiymətlər 1 tələbə üçün 50 manatdır. Onu da deyim ki, oğlan tələbələrə ev tapmaq çətindir. Bu məsələdə çətinlik çəkirik”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top