Bakıdakı tıxacın səbəbi nədir? - AÇIQLAMA

Xəbər verildiyi kimi, dünən Bakıda axşam saatlarında şəhərin "Cavanşir körpüsü" ərazisindən "Babək" prospektinə tərəf tıxac yaranıb.

Tıxac küçələrin həm paytaxt istiqamətinə gələn hissəsində, həm də əks hərəkət zolaqlarında müşahidə edilib. Avtomobillər 1 saata yaxın hərəkət edə bilməyiblər.

Bu gün də paytaxtın bir çox küçələrində tıxac müşahidə olunur. Xüsusilə paytaxtın "Şamaxinka", 1, 4 və 9-cu mikrorayon ərazilərində böyük tıxac yaşanır.

Bir çox yollarda avtomobillərin hərəkətsiz vəziyyətdə tıxacda qaldığı bildirilir.

Məsələ ilə bağlı Yeniavaz.com saytı Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, BNA tərəfindən yollarda hər hansı məhdudlaşdırma olmayıb: "Tıxac məncə, adi günlərdəki kimidir. Düzdür, dünən Heydər Əliyev prospektində və digər bir sıra küçələrdə tıxac müşahidə olunub, amma bu, pik saatlarında Bakıda həmişə olub.

"Şamaxinka" və ona yaxın ərazilərdə tıxac olmasına gəlincə, bu yəqin ki, yaxın küçələrdə təmir işlərinin getməsi ilə bağlıdır. Amma bir daha deyirəm, Bakıda hər hansı bir hadisə baş verməyib və buna görə yollarda məhdudlaşdırma olmayıb.

Ola bilsin, mövsümlə əlaqədar - yeni tədris ili başlayır, insanlar geri qayıdırlar deyə, bu da paytaxt yollarındakı vəziyyətə təsir edir. Bildiyiniz kimi, bölgələrdən istirahətdən qayıdanlar da Bakıya öz nəqliyyat vasitələri ilə gəlirlər, buna görə ola bilər. Amma hansısa ciddi bir qəza-filan olsaydı, onunla bağlı açıqlama verərdik".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top