Azərbaycanda yerə ayaq basmamış ölən körpələr və anaları - Aylar üzrə STATİSTİKA

Son vaxtlar doğuş zamanı ana və körpə ölümləri ilə bağlı mətbuatda yayılan xəbərlərin sayı xeyli artıb. Təkcə avqust ayında doğuş zamanı 3 körpə, 1 ana ölüb.

Dünən isə Zaqatala rayonunda ana ölümü baş verib.

Məsələnin aktuallığını nəzərə alıb Yeniavaz.com saytı il ərzində doğuş zamanı baş verən ana və körpə ölümləri ilə bağlı məlumatları araşdırıb.

1. 2018-ci il, sentyabr ayı

Zaqatala rayonunun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib.

2. 2018-ci il, avqust ayı

Gəncə şəhərində körpə doğuş zamanı ölüb. Şəhər sakini, 1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb.

3. 2018-ci il, avqust ayı

Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının doğuş zamanı qız övladı ölüb.

3. 2018-ci il avqust ayı

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb. Rayonun Veri kənd sakini, 35 yaşlı Elnarə Sadıqova 40 həftəlik hamiləlik diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Doğuş gecikdiyinə görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə kəskin qanaxma nəticəsində ölüb. Elnarə Sadıqova 2 övlad anası idi.

4. 2018-ci il, iyul ayı

Zaqatalada doğuş zamanı körpə ölüb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub. E. Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

5. 2018-ci il, iyul ayı

Bakıda özəl klinikada uşaq ölümü qeydə alınıb. Bu barədə körpəsini itirən 28 yaşlı Leyla Quliyevanın anası Fəridə Rəhimli məlumat verib. F. Rəhimli bildirib ki, baş vermiş hadisə ilə bağlı həkimi və klinikanı məhkəməyə verməyə hazırlaşırlar.

6. 2018-ci il, iyun ayı

Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib. Rayon sakini Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb.

7. 2018-ci il, iyun ayı

Paytaxtın Nizami rayonunda yerləşən 7 saylı doğum evində ölüm faktı qeydə alınıb. 1987-ci il təvəllüdlü Sultanxanım Mütəllim qızı Mədətxanova doğuşdan sonra dünyasını dəyişib. Doğuş zamanı dünyaya gələn oğlan uşağı isə sağ qalıb. S. Mədətxanova bu doğuşa qədər dünyaya 2 övlad gətirib.

8. 2018-ci ilin, may ayı

Şamaxıda doğuş zamanı halı pisləşən qadın ölüb. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 1984-cü il təvəllüdlü Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qadın reanimasiya şöbəsində dünyasını dəyişib.

9. 2018-ci il, may ayı

Gəncə şəhərində uşaq ölümü baş verib. Hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib. Kəlbəcərdən olan məcburi köçkün 1996-cı il təvəllüdlü Quliyeva Yeganə əkiz oğlan dünyaya gətirib. Doğuşdan sonra uşaqlardan biri dünyasını dəyişib.

10. 2018-ci il, aprel ayı

Cəlilabad rayonunda ana doğuş zamanı ölüb. Hadisə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib. Rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Yusubova Vəfa Ramazan qızı övladını dünyaya gətirdikdən sonra vəfat edib.

11. 2018-ci il, mart ayı

Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb. Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı Ağstafaya qohumları evinə qonaq gəlib. Ancaq qohumlarının evində olduğu zaman doğuş sancısı başlayıb və onu Tovuz rayon Mərkəzi Xəstəxanasında çatdırıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq dünyaya gələn uşaq ölüb. Həmçinin ananın vəziyyətidə ağırlaşmağa başlayıb. 21 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

12. 2018-ci il, mart ayı

İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədova Mələk Bilal qızı doğuşdan sonra dünyasını dəyişib. Onun dünyaya gətirdiyi 2 övlad isə ölü doğulubmuş.

13. 2018-ci il, yanvar ayı

Lənkəranda bir ananın dünyaya gətirdiyi 2 körpə ölüb. Mərkəzi rayon xəstəxanasının doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakini Alidə Məmmədova vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib. Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb.

Qeyd edək ki, doğuş zamanı ana və körpə ölümü ilə bağlı təqdim etdiyimiz bu məlumatlar mətbuatda yayılan xəbərlər əsasında hazırlanıb. Ola bilər ki, bizim siyahımızdan kənarda qalan faktlar da var.

Azərbaycanda doğuş zamanı ana ölümlərinin əsasən beyində anevrizmanın cırılması, qanaxmalar, böyrək, ağır preeklamsiya, eklamsiya, ürək çatışmazlıqları səbəbindən baş verdiyi rəsmi olaraq açıqlanıb.

Hələ ötən il Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri açıqlama verərək, həmin il doğuş zamanı baş verən ana ölümlərinə görə, 12 tibb işçisinə töhmət verildiyini, 1 nəfərin həbs edildiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top