Kartofun qiyməti bahalanacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal olunan kartof üçün tətbiq edilən gömrük rüsumu qaldırılıb. Yeniavaz.com xəbər verir ki, xaricdən gətirilən kartofa tətbiq edilən gömrük rüsumu 2 dəfə artaraq 15%-dən 30%-ə yükəlib. Gömrük rüsumunun artırılması ilə bağlı verilən açıqlamada qeyd olunur ki, bu qərar Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifi əsasında verilib.

Azərbaycanda yerli istehsalın daxili tələbatı ödəmədiyi üçün idxal olunan kartofa tətbiq edilən rüsumun qaldırılması bu məhsulun daxili bazarda bahalaşacağından xəbər verir.

Ötən 10 il ərzində kartof istehsalı ilə bağlı qarşıya qoyulan hədəfə çatmaq mümkün olmayıb

Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda daxili tələbatı ödəmək üçün kartof istehsalının 1 milyon 150 minə çatdırılması ilə bağlı hədəf müəyyən olunub. Lakin, Dövlət Proqramının qəbul olunmasından ötən 10 il ərzində kartof istehsalı ilə bağlı qarşıya qoyulan hədəfə çatmaq mümkün olmayıb.

Ötən il ölkə üzrə ümumilikdə 913,9 min ton kartof istehsal olunduğu bildirilir. Bu ilin ilk 7 ayında isə 534,2 min ton kartof istehsal olunub və bu məhsul əkin sahələrinin 57%-dən toplanıb. Bu isə o deməkdir ki, ilin yekununda kartof istehsalı təxminən ötənilki səviyyədə olacaq. Açıqlanan statistik göstəricilərdən belə görünür ki, məhsuldarlıqda da ciddi dəyişiklik olmayıb. Ötən ilin ilk 7 ayında hər hektardan 154 ton, bu ilin ilk 7 ayında isə 158 ton kartof yığılıb.

Azərbaycanda istehsalı olunan yerli kartofla idxal olunan kartofun qiyməti arasında kəskin fərq olduğu üçün insanlar daha çox xaricdən gətirilən kartofları almağa üstünlük verir. Yerli kartof isə daxili bazarda özünə alıcı tapmadığı üçün xaricə ixrac olunur. Halbuki bu məhsulun istehsal səviyyəsi daxili tələbatı ödəməyə imkan vermir.

Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 66,4 min ton kartof ixrac edib, əvəzində isə xarici ölkələrdən 80,5 min ton kartof idxal olunub. Xaricə satılan kartofun 1 kiloqramının gömrük dəyəri 76 qəpik (45 sent) olduğu halda, ölkəyə gətirilən kartofun qiyməti bundan təxminən 2 dəfə ucuz olub. Belə ki, bu ilin ilk yarısında xaricdən gətirilən kartofun 1 kiloqramının gömrük dəyəri 43 qəpiyə (25 sent) bərabər olub.

Daha ucuz kartof əldə etmək üçün yeni, məhsuldar kartof növlərinin becərilməsi lazımdır

Dövlət Proqramının icrası dövründə - 2008-2015-ci illərdə kartof istehsalının artırılması mümkün olmadığına halada, yaxın dövrlərdə də bunun reallaşacağını inandırıcı görsənmir. Azərbaycanda kartof əkin sahələrinin məhdudluğu, məhsuldarlığın aşağı olması səbəbindən ölkədə həm daxili tələbatı ödəyəcək səviyyədə, həm də daha ucuz kartofun istehsalı hazırki dövr üçün mümkün deyil.

Məlumat üçün qeyd edək ki, kartofun məhsuldarlığı digər ölkələrdə Azərbaycanla müqayisədə daha yüksəkdir. Avropa ölkələrində orta məhsuldarlıq hər hektarda 300 kiloqramdan yüksəkdir. Qonşu Rusiyada isə 200 kiloqrama yaxındır.

Yuxarıda qeyd edilən rəqəmlərdən belə görünür ki, Azərbaycanda tələbatı ödəyəcək səviyyədə və daha ucuz kartof əldə etmək üçün yeni, məhsuldar kartof növlərinin becərilməsi lazımdır.

Kartof istehsalında MDB-də sonuncuyuq

Onu da bildirək ki, Azərbaycan adambaşına düşən kartof istehsalına görə Müstəqi Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasınada yalnız Moldovadan öndədir. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, Azərbaycanda adambaşına il ərzində 94 kiloqram kartof istehsal olunub. Bu göstərici qonşu Ermənistanla müqayisədə 2 dəfə azdır. Belə ki, Ermənistanda il ərzində adambaşına 184 kiloqram kartof istehsal olunur. Ən yüksək kartof istehsalı Belarusda qeydə alınıb. Belarusda il ərzində adambaşına 675 kiloqram kartof istehsal olunur ki, bu da, Azərbaycanla müqayisədə 7,2 dəfə çoxdur. Bundan başqa il ərzində Rusiyada adambaşına 201 kiloqram, Qazaxıstanda 197 kiloqram, Qırğızıstanda 238 kiloqram, Tacikistanda 104 kiloqram, Ukraynada 523 kiloqram, Moldovada isə 60 kiloqram kartof istehsal edilib.

DİGƏR XƏBƏRLƏR

Top