Bu il tanınmışlardan kimlərin övladına vəzifə verilib? - SİYAHI

Yaxınları yüksək vəzifədə çalışan gənclərin iş tapmaq, el dili ilə desək, "qabağa getmək" kimi problemi yoxdur. Yaxınları müxtəlif vəzifədə çalışanlar arasında elələri də var ki, onlar sözün həqiqi mənasında bu təyinata layiqdirlər - bir neçə dil bilirlər, xaricdə təhsil alıblar, cəmiyyətdə davranışları ilə sözün yaxşı mənasında diqqət çəkirlər. Ərköyün, harınlamış məmur övladları isə tez və ya gec valideynlərini bəlaya salır, bəzən hətta onların işlərini itirmələrinə səbəb olurlar.

Yeniavaz.com saytı hər hansı şərh vermədən bu il müxtəlif vəzifələrə təyin olunan məşhur övladlarının siyahısını təqdim edir.

1. Ərəstü Həbibbəyli - millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur. Nazirlər Kabinetinin Aparatında Baş nazirin Katibliyinin rəisi təyin olunub. Ə. Həbibbəyli buna qədər - 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində, 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.

2. Zaur Ələkbərov - sabiq Maliyyə naziri Əvəz Ələkbərovun oğludur. Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Bundan əvvəl "Unibank" və "Bank Respublika"da, həmçinin Beynəlxalq Bankda Korporativ Biznes Departamentinin direktor müavini vəzifəsində çalışıb.

3. Orxan Əliyev - Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğludur. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktor müavini təyin edilib.

4. Günel Rzayeva - Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızıdır. Bir neçə gün öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və açılışı olan Bakı Kitab Mərkəzinin direktoru təyin edilib.

5. Vidadi İbrahimov - Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur. Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

6. Fariz Məmmədov - Ədliyyə naziri Fikrət Məmmədovun oğludur. Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının müdiri seçilib. F. Məmmədov həm də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.

7. Fərəh Əliyeva - Azərbaycanın dəyərli ziyalısı Şirməmməd Hüseynovun qızıdır. Dövlət başçısının imzaladığı sərəncamla Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Onun təyin olunduğu vəzifəni bundan əvvəl Fatma Abdullazadə tuturdu.

F. Əliyeva buna qədər Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top