"Qırmızı körpü" sərhəd-keçid məntəqəsində ağır qəza: hərbçimiz həyatını itirib - YENİLƏNİB

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

Yeniavaz.com DSX-nin mətbuat mərkəzinə istinadən xəbər verir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, 1993-cü il təvəllüdlü Gürcüstan vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazasını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı bir ədəd minik avtomobili əzilib və iki nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

***

Azərbaycan və Gürcüstan arasında - "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində ölümlə nəticələnən hadisə baş verib.

Bu barədə Yeniavaz.com saytına hazırda sözügedən sərhəd-keçid məntəqəsində olan soydaşlarımızdan biri məlumat verib. Onun sözlərinə görə, bədbəxt hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin Süleymanov soyadlı giziri dünyasını dəyişib. Hadisə milliyyətcə gürcü olan ağırtonnajlı yük maşınının sürücüsünün diqqətsizliyi nəticəsində baş verib. Belə ki, işlək vəziyyətdə olan avtomobilin sürücüsü sənədlərini gömrük əməkdaşlarına təqdim etmək üçün avtomobili tərk edib. Bu zaman TIR hərəkətə gəlib və gizir onu saxlamaq istəsə də, avtomobilin altına yıxılaraq dünyasını dəyişib.

Hərəkətini davam etdirən ağıtonnajlı yük maşını Gürcüstandan Azərbaycana qayıdan Rusiya vətəndaşı, milliyyətcə azərbaycanlı olan ailənin maşınını əzib.

Avtomobildə olanlardan bəziləri xəsarət alıblar.

Hadisə ilə əlaqədar "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsi təxminən 1 saatadək bağlı qalıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının, FHN əməkdaşları və təcili tibbi yardım maşınları cəlb edilib.

Hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

"Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib. Gürcüstana “bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

İlkin ehtimala görə qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

Hadisə nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb.

Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir",-deyə məlumatda bildirilib.

serhed

DİGƏR XƏBƏRLƏR

Top