Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Yeniavaz.com saytına verilən xəbərə görə, tədbirdə universitetin müəllim - tələbə heyəti ilə yanaşı, millət vəkili, akademik Ziyad Səmədzadə və YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev iştirak edib.
Tədbirdən öncə “Azərbaycan müstəqillik və inkişaf yollarında” adlı xüsusi guşənin açılışı olub.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da, 1993-cü ilin ilk vaxtlarında müstəqilliyimizin ən ağır vaxtları idi. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə Ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi daxil oldu.
Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək həmin dövrdə baş verən hadisələrin canlı şahidi olduğunu və necə bir ağır dövr olduğunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
BMU YAP Gənclər birliyinin sədri Talifə İsgəndərli ümummilli lider Heydər Əliyevin Gənclər siyasətindən danışıb.
Qeyd edib ki, bu gün də bu siyasət uğurla davam edir.