Jurnalisti söyən general bir neçə il əvvəl təqaüdə çıxıbmış

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevin jurnalisti söyməsi xəbəri ölkə mediasının gündəminə çevrilib. Yeniavaz.com saytı məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe öyrənməyə çalışıb.

Məlumat üçün onu da bildirək ki, general-mayorun jurnalisti söyməsinə səbəb jurnalistin ona qardaşı ilə sual ünvanlaması olub.

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

İddia olunur ki, Nəcməddin Əliyev Ərziman Əliyevin qardaşıdır.

"Bizim Yol" qəzetinin əməkdaşı da bunu dəqiqləşdirmək üçün Ərziman Əliyevə zəng vurub.

O bu barədə açıqlama vermək əvəzinə, onu ağır söyüşlərlə təhqir edib.

Məsələ ilə bağlı Ehsan Zahidov Yeniavaz.com-a bildirib ki, Ərziman Əliyev bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb: "Həmin şəxs sabiq rəisdir, onun bizə nə dəxli var? O Daxili İşlər Nazirliyi orqanlarında vaxtilə işləyib, vaxtilə işləyənlərin də arxasınca düşəsi deyilik ki? Burda işləyəndə belə hallar olmayıb, çıxandan sonrasını mən bilmirəm, özündən soruşun. Ərziman Əliyev vaxtilə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb - 3-4 il əvvəl. Təqaüddə olan şəxsdir, ona görə sualınıza cavab verə bilmərəm".

DİGƏR XƏBƏRLƏR

Top