Bu pedaqoqların əməyinin saathesabı məbləği artırılıb

Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Yeniavaz.com-un məlumatına görə, qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Yeni redaksiyaya əsasən təhsil alan kontingentə bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə tədris məşğələləri keçən professor və ya elmlər doktoru saat hesabı 5,35 manat, dosent və ya fəlsəfə doktoru 3,55 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər saat hesabı 2,75 manat alacaqlar.

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə tədris məşğələləri keçən professorlara və ya elmlər doktoruna saat hesabı 6,35 manat, dosent və ya fəlsəfə doktorlarına 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 3,10 manat ödəniləcək.

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə tədris məşğələləri keçən professorlara və ya elmlər doktoruna saat hesabı 7,65 manat, dosent və ya fəlsəfə doktorlarına 5,35 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə isə 3,55 manat ödəniləcək.

Qərara əsasən "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli və "Qeydlər"i yeni redaksiyada verilib. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

DİGƏR XƏBƏRLƏR

Top