Azərbaycanda alim olmaq istəyənlərin sayı artıb - RƏSMİ MƏLUMAT

Bu ilin əvvəlinə Azərbaycanın 117 ali təhsil müəssisəsi və elmi təşkilatında doktoranturalar fəaliyyət göstərib və onlarda 53,7 faizi qadın olmaqla 2 723 nəfər təhsil alıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, təhsil alanların 79,6 faizi fəlsəfə, 20,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Təhsil alanların 36 faizi elmi müəssisə və təşkilatlarda, 64 faizi isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33 və 67 faiz, elmlər doktoru proqramı üzrə isə 47,6 və 52,4 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 49,2 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 37,5 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2 168 nəfərin 301-i filologiya, 284-ü iqtisad, 257-si texnika, 144-ü kimya, hər biri üzrə 133 nəfər olmaqla aqrar və tarix, 115-i tibb, 103-ü siyasi, 102-si pedaqogika, 98-i biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 98 nəfər filologiya, 85 nəfər aqrar, 63 nəfər texnika, 54 nəfər kimya, 43 nəfər iqtisad, 38 nəfər biologiya, 23 nəfər tarix, hər birində 20 nəfər olmaqla pedaqogika və hüquq, 19 nəfər fizika, hər birində 18 nəfər olmaqla tibb, sənətşünaslıq və yer elmləri, 38 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2016-cı illə müqayisədə 2017-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,3 faiz azalaraq 529 nəfər, elmlər doktoru proqramı üzrə isə 12,7 faiz azalaraq 69 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 8,3 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 27,7 faiz artıb və müvafiq olaraq 455 və 129 nəfər təşkil edib.

Bununla yanaşı, 2017-ci ildə fəlsəfə doktoru proqramı üzrə 801 dissertant təhkim olunub ki, onların da 56,3 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 159 nəfəri qadın olmaqla 323 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.

DİGƏR XƏBƏRLƏR

Top