"Heç kimə qismət olmasın belə yerə düşmək" - "Uşaq kalonu"ndan REPORTAJ

Müdriklərdən biri deyib ki, bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir. Elə onlar da törətdikləri yanlışlıqlara görə məhkum olunmuşlardır. Bura el arasında "uşaq kolonu" kimi tanınan Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsidir.

Kimisi 1 il, kimisi 7 ay, kimisi də 3 aydır ki, buradadır. Çox yaşları yoxdur onların. Bəzilərinin 14-15, bəzilərinin də 16-17 yaşı var. Yəni ən qayğısız, ən məsum, valideyn himayəsinə, valideyn sevgisinə ən çox ehtiyac duyduqları yaşdadırlar. İndi onlar məktəbdə parta arxasında otura, məhəllədə yoldaşları ilə futbol oynaya, gəzə, yaxud da elə hansısa universitet otağının pəncərəsindən xoşlandıqları qıza boylanıb baxa bilərdilər. Lakin onlar tərbiyə müəssisəsinin pəncələrindən mavi səmaya baxmağı seçdilər. Eynən qəfəsdəki quşlar kimidir indi onlar.

Kim bilir, bəlkə də beləsi onlar üçün daha xeyirlidir? Çünki onlar burda həm təhsil ala, idmanla məşğul ola, həm də qeyri-adi bacarıqlarını, istedadlarını üzə çıxara bilirlər. O istedad ki, bəlkə də heç azadlıqda sahib olduqları bacarıqların fərqində olmayıblar. Onlar islah olunmağa söz veriblər, buradan tam sağlam düşüncəli, cəmiyyətə xeyirli şəxsiyyətlər kimi çıxmağı qarşılarına məqsəd qoyublar: "Dərslərimiz asandır, yaxşı gedir. Çöldə bilmədiklərimizin çoxunu gəlib burda öyrənirik, yazırıq. Sağ olsun müəllimimiz, bəzi bölmələri bilmirdim, kömək edir. Şükür Allaha, indi yazıram. Bölmədir, indi çoxunu yazıram. Çöldə çox eləyə bilmirdim, amma burada yaza bilirəm. İstəyirəm azadlığa çıxım, yaxşı bir işdə işləyim. Hamı valideynlərinə qovuşsun, çalışsınlar ki, bizim kimi eləməsinlər. Dərslərini yazıb, axıra qədər oxusunlar".

Miqdar Məmmədov 3 aydır ki, tərbiyə müəssisəsindədir. Deyir, burada günlərini səmərəli keçirməyə çalışır: "Günlərim yaxşı keçir. Boş vaxtlarımda oyun oynayırıq, dərsə gedirik, məşq edirik. Vaxt gözəl gedir. Bura düşəndən çox şeyi dəyərləndiririk ki, çölə çıxanda dərsimizi oxuyaq. Bizə savad çox lazım olacaq. Çöldə öyrənə bilmədiklərimizi burda öyrənməyə çalışırıq. Çölə çıxanda iş quracağıq, peşə sahibi olacağıq".

Miqdarı burada həm də peşəkar futbolçu kimi tanıyırlar. O, 8 il peşəkar futbolla məşğul olub. Müxtəlif vaxtlarda "Qarabağ", "Azal" və "Keşlə" komandalarında oynayıb. Deyir, burada ən çox stadion üçün darıxır: "İstəyirəm tez çıxım, gələcəyimi qurum, futbola gedim, məşqlərə gedim. 8 il millidə də oynamışam. 4-5 dəfə xaricdə də olmuşam. 2 yaş özümdən böyüklərlə oynamışam. Sankt-Peterbruqda oynayanda hətta erməni komandasına qol da vurmuşdum. Turun ən gözəl qolu seçilmişdi".

Xəyyam Ağayev artıq bir ildir ki, məhkum həyatı yaşayır. Bəlkə də o, nə vaxtsa məşhur bir heykəltəraş ola biləcək. İncəsənət ruhlu bütün insanlar kimi, Xəyyamın da danışmaqla arası yoxdur. Amma yaratdığı heykəllərin dili olsaydı, bəlkə də dil açıb danışardı: "Bunları, mən düzəltmişəm. Mələkdir, qanadları qandallıdır. Sonra düşünən insandır, oturub düşünür... Günə yox, dəqiqəyə hazırlayıram. Gildən hazırlayıram heykəlləri. 6-7 heykəlim var. Boş vaxtlarımda məşq eləyirəm, futbol oynayıram, heykəl düzəldirəm. Yarımçıq qalan heykəlim yoxdur, amma ən çox Üzeyir Hacıbəylinin, Əhməd Cavadın heykəllərini düzəltmək istəyərəm".

Sübhan Cəfərov isə 7 aydır bu müəssisədədir: "5 illik musiqi məktəbini bitirmişəm, attestat və şəhadətnamə almışam. İnşallah, çıxandan sonra davam edəcəyəm. Nağara, sintezator, pianinoda da ifa edə bilirəm. Bura düşdüyüm üçün çox peşmanam. Heç haranı görmürük. İnşallah, 2021-ci il noyabrın 24-də çıxacam. Öz yaşıdlarıma qismət olmasın belə yerə düşmək. Allah heç kəsi bura salmasın".

Məşhur mahnıda da deyildiyi kimi, arzular çox, ömür az... Çalışaq ki, bu qısa ömür yolunda doğru cığırlarla addımlayaq. Unutmayaq ki, hər öz şey vaxtında gözəldir...(APATV)

Uşaq kalonu

DİGƏR XƏBƏRLƏR

Top