İntihar edən tələbənin anası: "Son zamanlar depressiyadan əziyyət çəkirdi"

Mayın 21-də Bakıda intihar edən 22 yaşlı Ramiz Şahmalıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi olub.

Ramizin anası oğlunun intiharı barədə sosial mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Oğlunun kiçik yaşlarından qeyri-adiliyi və həddindən artıq məsuliyyətli olması ilə seçildiyini bildirən ana, Ramizin intihardan əvvəl depressiyadan əziyyət çəkdiyini qeyd edib.

“O, noyabrın 15-i 5 yaşında məktəbə getsə də, tezliklə sinfin birincisinə çevrilib. Məktəb illərində 5 lisey dəyişdi. Hər bir məktəb ona zəif gəlirdi. Qısa müddətdə ev tapşırıqlarının öhdəsindən gəlirdi. 6 və 7-ci sinifləri Quba Özəl Türk liseyində davam etdirib. Zərifə Əliyeva adına liseyin məzunu olub. Qəbul imtahanlarından ən yüksək nəticə gözləsək də, imtahan günü xəstələnib ağrıkəsici iynə vurulduğu üçün 565 bal toplamışdı.

Az bal topladığı üçün çox böyük stress yaşadı. ADNA-nın Neft-qaz-mədən fakültəsinə daxil oldu. 1-ci kursda Dünya Neft Qaz Mühəndisləri (SPE) cəmiyyətinin Gənc İstedadlar layihəsinə seçildi. 5 Xəzəryanı ölkə arasında keçirilmiş müsabiqədə təqaüd proqramını qazandı. ADNA-da SPE-nin prezidenti seçilmişdi. Uğurları həddən artıq idi.

Çox istedadlı idi. Başladığı hər bir işin öhdəsindən çox asanlıqla gəlirdi. İstənilən iş ona əlçatan idi.

Son zamanlar depressiyadan əziyyət çəkirdi”, - deyə Ramizin anası yekunlaşdırıb.

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top