Mingəçevirdə Dezinfeksiya İdarəsi sakinlərdən pul tələb edir? - İDDİA

Havalar isindikcə ağcaqanadlar, gəmicirilər və digər ziyanverici həşəratlar aktivləşir. Belə ki, məhəllələrdə, binaların zirzəmilərində dərmanlama işləri aparılmasa, bu həşəratların hücümüna məruz qalan sakinlər həyət-bacaya çıxa bilmirlər.

Bununla əlaqədar sakinlər Mingəçevir Dezinfeksiya Stansiyasına müraciət ediblər. Lakin stansiyanın işçiləri bildiriblər ki, bina sakinləri pul yığıb bizə verməsələr, biz dərmanlama işlərini həyata keçirə bilmərik. Məsələyə aydınlıq gətirmək üçün Mingəçevir Dezinfeksiya stansiyasının rəhbərliyi ilə görüşdük.

İdarənin şöbə müdiri Zahid Məmmədov deyir ki, dərmanlama işləri kütləvi aparılmalıdır: "Biz şəhərin bir hissəsini dərmanlayırıq, ziyanvericilər, həşəratlar, gəmiricilər həmin ərazilərdən qaçaraq, digər tərəflərə üz tuturlar. Ona görə də hər bir idarə və müəssisənin dərmanlama işləri üçün bizimlə müqaviləsi olmalıdır. Artıq müqavilə də var. Yanvar ayından dərmanlama işlərinə başlamışıq. Sakinlərin bizim əleyhimizə pul yığırlar deməsi, böhtandan başqa bir şey deyil. Biz əsas xəstəlik keçirən həşəratlara qarşı mübarizə aparırıq - ağcaqanad, birə, gəmiricilər və s. Son vaxtlar sakinlər ilbizlər və ilanlarla bağlı da müraciət edirlər. Biz də bununla bağlı tədbirlərimizi görürük. Son vaxtlar ilanla bağlı stansiyaya 20-ə yaxın şikayət olunub. Bəzən heç müqavilə bağlamadığımız yerləri də dərmanlayırıq".

Verilən məlumata görə, hələ ki, 14 JEK-in ərazisindəki binalarda dərmanlama işləri aparılıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top