MDB-də hansı ölkə daha çox ət, süd və yumurta istehsal edib

Bu ilin ilk 4 ayı - yanvar-aprel ayları ərzində Azərbaycanda süd istehsalı ötən ilin yanvar-mart ayı ilə müqayisədə 1% artaraq 636,8 min tona çatıb. Yeniavaz.com-un Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində süd istehsalında ən yüksək artım Tacikistanda olub - 3,2%. Bu ölkədə ilin ilk 4 ayında 236,6 min ton süd istehsal olunub. Ukrayna və Ermənistanda süd istehsalı müvafiq olaraq 1,1% və 8,1% azalıb. Digər MDB ölkələrində isə süd istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə azalmayıb. Süd istehsalı Belarusda 2,4%, Qazaxıstanda 2,7%, Qırğızıstanda 2,1%, Moldovada 0,7%, Özbəkistanda 2,4%, Rusiyada isə 2,1% artıb.

İstehsal olunan südün miqdarına gəldikdə isə qeyd edək ki, ən çox süd Rusiyada istehsal edilib. Şimal qonşumuzda ilin ilk 4 ayı ərzində 9 milyon 216,1 min ton süd istehsal olunub. Bu göstərici Belarusda 2 milyon 337,9 min ton, Ukraynada 2 milyon 836,2 min ton, Qazaxıstanda 1 milyon 379,1 min ton, Qırğızıstanda 380,5 min ton, Özbəkistanda 1 milyon 684,7 min ton, Ermənistanda isə 239,8 min ton təşkil edib.

Azərbaycanda 4 ayda 579,6 milyon ədəd yumurta istehsal olunub

Yumurta istehsalındakı artım tempinə görə MDB-də sonuncu sırada qərarlaşmışıq. Ötən ilin ilk 4 ayına nisbətdə bu ilin yanvar-aprel aylarında Azərbaycanda yumurta istehsalı cəmi 0,3% artaraq 579,6 milyon ədəd olub. Yumurta istehsalını ən çox artıran ölkə Qazaxıstan olub - 16,6%. Bu ölkədə 4 ay ərzində 1 milyard 91,8 milyon ədəd yumurta istehsal edilib. Rusiyada artım 1,3% (14 milyard 338,7 milyon ədəd), Ermənistanda 1,4% (202,1 milyon ədəd), Qırğızıstanda 9,7% (158,7 milyon ədəd), Tacikistanda 15,1% (110,3 milyon ədəd), Özbəkistanda isə 2,5% (1 milyard 236,8 milyon ədəd), Ukraynada isə 2,1% (4 milyard 981,9 milyon ədəd) olub. Yumurta istehsalı yalınız Belarus və Moldovada azalıb. Belarusda 2,1% (1 milyard 91,8 milyon ədəd), Moldovada isə 1,1% (124,6 milyon ədəd) azalma qeydə alınıb.

Ət istehsalı Ermənistan və Ukraynada azalıb

Ət (quş əti daxil) istehsalındakı artım tempinə görə isə Azərbaycan 6-cı sırada qərarlaşıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 161,3 min ton ət istehsal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ət istehsalı 3,7% artıb. MDB-yə üzv olan digər ölkələrdə isə ət istehsalı belə olub: Ermənistanda 26,2 min ton (0,4% azalıb), Belarusda 580,9 min ton (7,2% artıb), Rusiyada 4 milyon 519,9 min ton (4,9% artıb), Tacikistanda 43,6 min ton (5% artıb), Qazaxıstanda 500 min ton (4,5% artıb), Qırğızıstanda 116,4 min ton (2,1% artıb), Moldovada 41,2 min ton (3,4% artıb), Özbəkistanda 440,9 min ton (1,5% artıb), Ukraynada isə 1 milyon 84,1 min ton (1,3% azalıb).

DİGƏR XƏBƏRLƏR

Top