“Azərbaycan” kinoteatrı satılır

Bu ilin 27 iyun tarixində 114 dövlət əmlakı hərraca çıxarılacaq. Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

İri həcmli investisiyalar təmir-tikinti, sənayə, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri əhatə edir. Səhmdar cəmiyyətləri paytaxtla yanaşı Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yerləşir. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlər bunlardan bəziləridir.

Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən “Azərbaycan” kinoteatrı, Bakıda yerləşən “Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir. Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.

Özəlləşdirməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 14.7 kv.m ilə 179.1 kv.m aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.

Bunlardan başqa hərraca 2008-ci və 2009-cu illərdə istehsal olunan, ilkin qiyməti 8500-12973 manat intervalında dəyişən müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top