MDB-də orta aylıq əmək haqqı: Kim daha çox alır? - SİYAHI

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında real orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Belarus qərarlaşıb. Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, ötən ilin yanvar-mart ayı ilə müqayisədə bu ilin ilk 3 ayı ərzində Belarusda real orta aylıq əmək haqqı 13,8% artıb.

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə real orta aylıq əmək haqqının məbləği Belarusdan sonra ən çox Ukraynada yüksəlib. Bu ilin ilk 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədə real orta aylıq əmək haqqı 9,5% artıb.

Real orta aylıq əmək haqqının məbləğində ən az artım Ermənistanda qeydə alınıb. Ermənistanda real orta aylıq əmək haqqı ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin yanvar-mart aylarında cəmi 1,7% artıb.

MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında real orta aylıq əmək haqqı Qırğızıstanda 3,1%, Rusiyada isə 6,5% artıb.

Real orta aylıq əmək haqqı ötən ilin ilk mart ayı ilə müqayisədə bu ilin mart ayında yalnız Azərbaycanda azalıb. Azərbaycanda real orta aylıq əmək haqqının məbləği 2,5% azalıb.

Ukraynada orta aylıq əmək haqqı 24,1% artıb

Real orta aylıq əmək haqqından fərqli olaraq nominal orta aylıq əmək haqqının məbləği heç bir ölkədə azalmayıb. Ən az artım isə Azərbaycanda qeydə alınıb. 2017-cı ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin yanvar-mart aylarında əmək haqqının nominal dəyəri Azərbaycanda 3,5%, artıb. Digər ölkələrdə isə nominal orta aylıq əmək haqqında daha çox artım olub. Nominal orta aylıq əmək haqqı ən çox Ukraynada artıb. Ukraynada orta aylıq əmək haqqı 24,1% artıb. Bundan başqa nominal orta aylıq əmək haqqı Ermənistanda 5,5%, Rusiyada 9%, Qırğızıstanda 6,7%, Belarusda isə 19,9% artıb.

Azərbaycanda orta aylıq əmək haqqının məbləği 313 dollar olub

Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2018-cı ilin mart ayında Rusiyada orta aylıq əmək haqqı 672 dollara (41 min 650 rubl) bərabər olub.

Azərbaycan bu siyahıda 5-ci sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 313 dollar (532,4 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 365 dollara (176 min 306 dram), Belarusda 463 (926,8 rubl), Qırğızıstanda 213 (14 min 494 som), Ukraynada isə 321 dollara (8 min 383 qrivna) bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top