ABŞ sanksiyaları təxirə saldı


ABŞ Şimali Koreyaya qarşı tətbiq olunacaq, Rusiya və Çin şirkətlərinə təsir edəcək sanksiyaları təxirə salmaq qərarına gəlib. Bununla bağlı “The Wall Street Journal” nəşri məlumat verib.

Məlumatlara görə, mayın 29-da açıqlanması gözlənilən qadağalar siyahısı qeyri-müəyyən müddətə təxirə salınıb. Sanksiyalar siyahısına 30 simanın adı daxil edilib. Qeyd edilir ki, sanksiyalar Kim Çen Inın təcavüzkar ritorikasına cavab olaraq hazırlanıb.

Mayın 24-də Donald Tramp Kim Çen In ilə görüşü ləğv edib. Görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılmışdı. Görüşdən imtinaya səbəb kimi Tramp Şimali Koreya liderinin Vaşinqtona qarşı düşmən münasibəti bəsləməsini göstərib. Buna baxmayaraq, ABŞ prezidenti qeyd edib ki, gələcəkdə Kim Çen In ilə görüşə hazır olacaq.

Bu ilin mayında Vaşinqton və Pxenyan bir-birilərinə qarşı kəskin bəyanatlar səsləndiriblər. Belə ki, Tramp mayın 18-də Kim Çen Inı razılaşmalar baş tutmadığı zaman onu “Liviya ssenarisi”nin gözləməsi ilə təhdid edib.

Bu açıqlamadan iki gün öncə isə Şimali Koreya tərəfi ABŞ-ın fəaliyyətindən asılı olaraq, Kim Çen Inın görüşdə iştirakının bir daha nəzərdən keçiriləcəyini açıqlamışdı. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top