Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla xalq şairi Sabir Rüstəmxanlı arasında qalmaqal yaranıb.
Yeniavaz.com saytının xəbərinə görə, bu barədə Sabir Rüstəmxanlı sosial şəbəkə səhifəsində məlumat verib: "Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bəhanələrinə, qadağalarına, rayon təhsil şöbəsi müdirinə və məktəb direktoruna gizli tapşırıqlarına və sair, ziyalıya, başçıya, nəhayət normal insana yaraşmayan cəhdlərinə baxmayaraq mayın 25-də Prezident Aparatının və Təhsil Nazirliyinin (onlara təşəkkürümü bildirirəm) müdaxiləsindən sonra məzunu olduğum doğma məktəbimizdə şagirdlərlə görüş keçirdim. Bu görüş cümhuriyyət bayramına və bizim məzunluğumuzun yubileyinə həsr edilmişdi, mühüm görüş idi. Lakin mənim üçün o görüş qədər önəmli olan başqa bir məsələ də yerində olmayan, səlahiyyətini və məsuliyyətini bilməyən, böyüyə, kiçiyə hörmət eləməyən və nəticədə özünü gülünc vəziyyətə salan başçıya yerini göstərmək, mədəniyyətin, səlahiyyətin, nəhayət dövlətçilik tərbiyəsinin nə demək olduğunu anlatmaq idi. O niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər, Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa-baxa vəzifəsini sürdürər?”.