Ermənilər "Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib" deməklə təxribat hazırlayır - XƏBƏRDARLIQ

"Əgər bunlar fikirləşirlərsə ki, guya bu xəbərlə bunlar "bomba partladırlar", vallah, çox böyük səhvə yol verirlər. Özü də bu səhv asılı olmayaraq ki, bilərəkdən, ya bilməyərəkdən edilib, Azərbaycan adlı dövlət üçün "qaş düzəldən yerdə vurub gözü çıxartmağa" bərabər hərəkətdir. Bu xəbərin verilməsində məqsədin nədən ibarət olmasını mən təxmini bilirəm. Amma hörmətli məsul şəxslərə və mətbuat "bosslarına" demək istəyirəm ki, siz çox yanlış və zərər verə biləcək hərəkət edirsiniz". Yeniavaz.com xəbər verir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov guya Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi barədə saytlarda yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Bir erməni səfeh generalı öz dövlətinin yeni təyin olunmuş Baş Qərargah rəisi ilə bağlı səsləndirdiyi fikirdə balaca bir epizod kimi Naxçıvanla bağlı guya Ermənistanın ərazi itkisi ilə üzləşdiyini qeyd edib. Necə deyərlər, onun məqsədi öz generalının o qədər də savadlı, bacarıqlı olmaması fikirini qabartması olmuşdusa, bizim "ağıllıların hərəkəti Azərbaycanı tam olaraq "11 metrlik zərbə nöqtəsinə qoymaq" kimi başa düşülməlidir. Guya Azərbaycan ordusu ... Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona (?!) boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Bir daha təkrar edirəm ki, bu xəbəri erməni tərəfi açıqlayıb.

Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük ərazini nəzarətə götürməsi faktı hətta olmuşsa belə, adama deyərlər ki, ay siyasi savadı qıcqıran jurnalist və ona "yaşıl işıq yandıran "ağıllı", siz heç olmasa bunun nə demək olduğunun fərqindəsinizmi?!

İndi 28 may Respublika Günü ilə əlaqədar bayram tədbirləri ilə bağlı bəzi güclərin sadəcə gələn həftənin əvvəllərində hansı tozanağı qoparacaqlarını özünüz də görəcəksiniz. Axı biz əzəli və əbədi Qarabağ ərazisi ilə bağlı hər hansı bir addım atmış olsaydıq, bəlkə də bunu içi mən qarışıq hamımız alqışlayardıq. Amma dezinformasiyanı götürüb, bəzəyərərk xəbər etmək sadəcə siyasi və hərbi savadsızlıqdır. Mən bu cür xəbəri sırf Qarabağla bağlı yazmış olan sayt(lar)a 100 dəfə çox sağ ol deyərdim. Amma, Ermənistan ərazisi ilə bağlı bu cür xəbəri bəh-bəhlə yayan sayt(lar)ı və bunu paylaşan yoldaşları anlamaqda çətinlik çəkirəm. Hətta belə bir hadisənin olması nöqteyi-nəzərdən buna yanaşsaq, adama sual verərlər: siz Müdafiə Nazirliyinin rəsmən vermədiyi və ölkənin ziyanına olan dezinformasiyanı verməklə nə demək istəyirsiniz? Guya biz də düşməndən hansısa ərazidə, adı da neytral olan ərazidə, torpaq almışıq? Ay-hay! Bərəkallah, sizin "dərin" düşüncənizə!

Dəfələrlə olub ki, Müdafiə Nazirliyindən qabaq bəzi "ağıllılar" özlərini "bomba və məlumatlı, vətənsevər" patriot kimi qələmə vermək üçün belə düşmən təxribatına sanki dəstək olublar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu cür xəbər portallarına və jurnalistlərə qarşı ən azından böyük cərimələr və son xəbərdarlıqlar tətbiq etməlidirlər. İndiki halda mən bu cür təxribatı bəzəyib, özümüzün ziyanına işləyə biləcək məlumatın məhz Azərbaycan mətbuatında tirajlanmasının qəti əleyhinəyəm. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bu cür addımların qarşısını dərhal almalı və zəruri olan addımları atmalıdır.

Xatırladım ki, "Hetq" internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan Ermənistanın 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın Baş Qərargah rəisi təyin olunması ilə əlaqədar tənqidi qeydləri zamanı erməni generalı Onnik Qasparyanla bağlı fikirləri yazarkən Naxçıvan istiqaməti ilə əlaqəli həmən məqamı qeyd edib.

Gəlin bir az ayıq olaq və dövlətin, xalqın ziyanına işləyə biləcək addımlardan bir qədər uzaq duraq. Onsuz da əskimiz tüstülüdür! Heç olmasa biz düşmənlərimizə imkan yaratmayaq ki, bizi gözləmədiyimiz yerdən, qurşaqdan aşağı vursunlar".

Qeyd edək ki, sabiq dövşət müşaviri, politoloq Qabil Hüseynli də Yeniavaz.com saytına açıqlamasında ermənilərin sırf Naxçıvan istiqamətini gündəmə gətirməkdə məqsədlərinin olduğunu bildirmişdi: "Ermənilər Naxçıvanda təxribat törətməklə Rusiyanın proseslərə müdaxiləsinə çalışırlar. Orada hər hansı bir toqquşma Ermənistana hücum kimi dəyərləndirilə bilər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), yəni birinci növbədə Rusiyanın bu işə müdaxiləsi üçün ciddi əsaslar verə bilər. Onların bu təxribatı törətməkdə məqsədləri də budur".

***

09:30

Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Bu məlumatı erməni tərəfi açıqlayıb.

Azərbaycan orduunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib.

“Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəcüb, anlaşılmamazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir-red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”-Edik Bağdasaryan bildirib.

Bağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi . Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb. Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır.

Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər “Vkontakte” sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub. Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irələməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib şəxsən müşahidə aparıblar.

Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə bəhs olunur.

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib.

Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib. Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.

(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top