“Sevdiyim”in təqdimatı olub

Mingəçevir şəhərindəki “ASAN həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimatı olub.

Tədbirdə çıxış edən ASAN Radionun direktoru Emin Musəvi layihə haqqında məlumat verərək bildirib ki, "Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşıb.

Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir.

Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür. Daha sonra mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov layihənin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, bu günlərdə dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd edib. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan başçı bildirib ki, Ulu Öndər Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas edib: “Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq”. Qeyd olunub ki, Heydər Əliyev dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb.

O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu.

Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də çıxış edib.
Əsərin bəstəkarı və ifaçısı, Əməkdar artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarından danışıb. Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Qeyd edək ki, tədbir şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top