"Paşinyan Naxçıvanda təxribat törədib prosesə rusları qoşmaq istəyir" - SƏBƏB

Paşinyan özü belə bir söz deyib: "İndi Ermənistanda əhalinin əhvali-ruhiyyəsinin yüksək olduğu bir vaxtdır. Adamlar vətənpərvərlik əhvalı ilə alışıb yanırlar və bu potensialdan istifadə etmək lazımdır".

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Azərbaycan Naxçıvan istiqamətində xeyli müddət idi şəhid vermirdi. Azərbaycan Prezidentinin Naxçıvana səfərindən sonra düşmənin həmin istiqamətdə təxribata yol verməsi bunun məqsədli həyata keçirildiyini deməyə əsas verir.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Yeniavaz.com saytına açıqlamasında deyib ki, atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyil: "Çünki Prezident İlham Əliyev orada Ermənistanın ünvanına, xüsusən Dağlıq Qarabağa gəlmiş Paşinyanın ünvanına fikirlər səsləndirdi və Azərbaycan ordusunun kifayət qədər möhkəm və döyüşə hazırlıqlı olduğunu bildirdi. Bunun ardınca Yerevanda müəyyən bir narahatlıq törəndi, müdafiə naziri Tonoyan və hətta xarici işlər naziri ordunun hazırlığını öyrənmək üçün bu bölgəyə - Naxçıvanla sərhəddə göndərildilər. Onların getməsindən 2 gün sonra isə bu hadisə baş verdi. Görünür, ermənilər Dağlıq Qarabağda olduğu kimi Naxçıvanda da xüsusi diversiya qrupları hazırlayıb sərhəddi pozaraq Naxçıvan ərazilərinə keçiblər. Sözsüz ki, burada olan əlahiddə qoşun korpusunun şəxsi heyyətinin hissələri tərəfindən ciddi müqavimətə rast gəliblər. Bu döyüşdə şəhid verdik. Allah rəhmət eləsin. Bəli, bu son dövrlər Naxçıvanda ilk şəhiddir. Bu onu göstərir ki, ermənilər bütün istiqamətlərdə təxribat törətməkdə mahidirlər və bu işi də çəkinmədən həyata keçirirlər. Ona görə çəkinmədən deyirəm ki, bunun nəticələrinin ağır olacağının fərqinə varmaq istəmirlər".

Sabiq dövlət müşavirinin fikrincə, ermənilər Naxçıvanda təxribat törətməklə Rusiyanın proseslərə müdaxiləsinə çalışırlar: "Orada hər hansı bir toqquşma Ermənistana hücum kimi dəyərləndirilə bilər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), yəni birinci növbədə Rusiyanın bu işə müdaxiləsi üçün ciddi əsaslar verə bilər. Onların bu təxribatı törətməkdə məqsədləri də budur. Əvvəllər Tovuz və Qazax bölgəsində, xüsusən Tovuz bölgəsində bu cür təxribatları təşkil etdilər, alınmadı. Həm də Tovuz bölgəsi dağlıqdır və məsələləri belə deyək, burada dərinləşdirmək o qədər də asan deyil. İndi də Naxçıvan bölgəsində məsələləri qabardaraq Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, ilk növbədə Rusiyanın proseslərə müdaxiləsi ilə baş-başa qoymaq istəyirlər".

Politoloqun fikrincə, Azərbaycan Ermənistana bu təxribatına görə dərs verməlidir, ancaq həmin bölgədə yox, cəbhənin başqa istiqamətində: "Azərbaycanın cavabı məncə, Naxçıvanda olmamalıdır. Azərbaycanın cavabı öz hüdudları daxilində olmalıdır. Azərbaycanın cavab verməsi üçün kifayət qədər geniş ərazi var. Bu ərazi Goranboy-Tərtər bölgəsindən tutmuş Ağdam da daxil olmaqla Füzuli bölgəsinə qədər böyük bir sahəni təşkil edir. Azərbaycan öz gücünü və malik olduğu hərbi resursları bu istiqamətdə həyata keçirməli və ermənilərə qulaq burması burada verməlidir. Öz ərazimizdir, öz ərazimizdə antiterror əməliyyatı aparırıq və heç kim də bizə bunu qadağan edə bilməz. O tərəfdə - Naxçıvanda olan provokasiyalar isə rusların əlinə havadan düşmə bir fakt ola bilər"...

Sarkisyan adətən ölkə daxilində gərginlik olduğu zaman diqqəti yayındırmaq üçün cəbhədə təxribatlar törədirdi. Paşinyan isə xalqın etirazları ilə hakimiyyətə gəlmiş bir şəxsdir. O zaman Paşinyanın bu təxribatın törədilməisi ilə bağlı göstərişinin məqsədi nə ola bilər?

Bu sualımıza politoloqun cavabı belə oldu: "Paşinyan özü belə bir söz deyib: "İndi Ermənistanda əhalinin əhvali-ruhiyyəsinin yüksək olduğu bir vaxtdır. Adamlar vətənpərvərlik əhvalı ilə alışıb yanırlar və bu potensialdan istifadə etmək lazımdır". Həqiqətən də Ermənistanda rejimi devirən qüvvələr, yəni əhalinin böyük bir hissəsi əhvali-ruhiyyə baxımından kifayət qədər eyforiya halındadır. Belələrini asanlıqla istənilən hədəfə göndərmək mümkündür".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top