Gürcüstan Rusiyadan sonra ən çox Azərbaycana məhsul satır

Bu ilin yanvar-aprel ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 120,3 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,6 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 4 ayı ərzində Gürcüstandan Azərbaycana 45,5 milyon dollar dəyərində məhsul ixrac edilib.

Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 2-ci ölkə (ötən il 6-cı ölkə olub) olub. Cari ilin ilk 4 ayında Gürcüstanın ümumi ixracının 12,5%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 4 ay ərzində 129,3 milyon dollar) gəlir.

Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 4 ayında Azərbaycandan 242,9 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 6,8% və 15,6 milyon dollar artıb. Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 4 ay ərzində Türkiyədən 443,8 milyon dollar, Rusiyadan isə 292,5 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Çin (229,2 milyon dollar), Ukrayna (150 milyon dollar), Almaniya (134,1 milyon dollar), Fransa (103,9 milyon dollar), Ermənistan (102,9 milyon dollar) və ABŞ (101,7 milyon dollar) gəlir.

Gürcüstanın xarici ticarət dövriyyəsi 22,2% artıb

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 4 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 3 milyard 786,2 milyon dollar olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 22,2% çoxdur. Bu dövürdə qonşu ölkədə ixracın həcmi 22% artaraq 961,4 milyon dollara, idxal isə 22,3% artaraq 2 milyard 824,8 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 1 milyard 863,5 milyon dollarlıq mənfi saldo yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə 49,2% artıb.

DİGƏR XƏBƏRLƏR

Top