Susuz ağacların halına insanlar yanır... - FOTO

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçsı Niyazi Bayramovun sakinlərlə növbəti səyyar görüşü keçirilib. D. Əliyeva, M. V. Vidadi, 20 yanvar, H. Əliyev 26, 27, 28-ci kvartalın sakinləri son illər şəhərdə yaradılan səliqə-səhman, abadlıq-quruculuq işlərinin ürək açan olduğunu bildiriblər. Sakinlər ilk öncə onu qeyd ediblər ki, Mingəçevir həmişə yaşıllığı ilə seçilən şəhərlərdən olub, eyni zamanda bol sulu bir şəhər olub. Lakin son bir neçə ildə "Azərsu" tərəfindən alınan şəhərin suyu ancaq içməli su kimi əhaliyə sayğaclar vasitəsi ilə satılır. Bundan da daha çox şəhərin yaşıllığı əziyyət çəkir. Artıq havalar isindikçə bu problem aktuallaşır. Əgər bu şəhərdə yaşıllıq olmasa, Aran şəhəri olduğuna görə burada yaşamaq mümkün deyil.

Şəhər ağsaqqalı Ağagül Əliyev deyib: "Bir yaşımdan bu şəhərdə yaşayıram. Son illər şəhərdə aparılan abadlıq-quruculuq işləri hamı kimi mənim də ürəyimcədir. Buna görə ölkə rəhbərliyinə və Niyazi Bayramova minnətdarlıq bildirirəm. Biz parklara, xiyabanlara çıxanda sanki yenə gəncləşirik. Amma bəzi küçələrin işıqlanma sistemi olmadığından bu qaranlıq küçələr sanki bizdən imdad istəyir. Binalarımızın zirzəmiləri suyun içindədir. Bu biz sakinləri çox narahat edir. Qarşıdan isti yay günləri gəlir. Bu problemlə bağlı aidiyyatı quruma dəfələrlə şikayət etmişik, amma səsimizi eşidən yoxdur".

Bütün problemləri dinləyən başçı çıxışında bildirib ki, hələ görüləsi işlər çoxdur: "Amma onu da demək yerinə düşərdi ki, ötən il 4 məhəllədə işıqlanma sistemi quraşdırılıb. Bu il isə daha 5 məhəllənin işıqlanma sistemi quraşdırılır. Məhəllələrə oturacaqlar, 20 xeyir-şər mağarı isə bələdiyyə tərəfindən bərpa ediləcək. Qaldı ki, su probleminə Mingəçevirdə texniki su yoxdur. Bunun üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışıq. Tərəfimizdən park və xiyabanlarda su xətləri çəkilib, buradakı yaşıllıqlar mütəmadi olaraq suvarılır. Digər ərazilərdə olan yaşıllıqların qorunması üçün su maşınlarından istifadə edilir. Düzdür, bu çətinlik yaradır. Məsələ öz həllini tapana qədər bu üsuldan istifadə edəcəyik. Bütün işlər mərhələ-mərhələ görülərək, yaranan problemlər aradan qaldırılacaq".

İcra başçısı qaldırılan problemlərlə bağlı aidiyyatı qurumlara göstərişlər verib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top