Elektrik enerjisinin ixracı kəskin artıb: qiymət isə özümüzə satılandan 27% ucuz

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 987 milyon 950 min kv/saat elektrik enerjisi ixrac edilib. Yeniavaz.com-un Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə xaricə satılan elektrik enerjisinin həcmi 2,6 dəfə artıb. Belə ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 387 milyon 406 min kv/saat elektrik enerjisi ixrac olunub.

İxrac olunan elektrik enerjisinin həcmi kəskin şəkildə artsa da qiymətində ciddi dəyişiklik baş verməyib.

Ötən il xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri 4,2 sent və ya o zamankı məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 7,1 qəpik təşkil edib. Bu il xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri isə 4,7 sent və ya növcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 8 qəpiyə bərabər olur.

Məlumat üçün onu da qeyd dək ki, hazırda elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (6,5 sent) (limitdən - 300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə 27% və ya 3 qəpik ucuzdur.

Maraqlı məqam odur ki, xaricə satdığımız elektrik enerjisinin qiyməti ölkə daxildə satılan elektrik enerjisinin qiymətindən ucuz olsa da ixracın həcmi kəskin şəkildə artmaqda davam edir.

DİGƏR XƏBƏRLƏR

Top